İliya Dövlət Universiteti tələbələri təhsil islahatına qarşı növbəti etiraz aksiyası elan ediblər
13.02.2026 11:13
185
Siyasət
A
İliya Dövlət Universiteti tələbələri təhsil islahatına qarşı növbəti etiraz aksiyası elan ediblər

İliya Dövlət Universitetinin yaxınlığında toplaşan tələbələr etiraz aksiyası keçirərək Rustaveli prospekti istiqamətində yürüş ediblər.

Aktual.ge-nin məlumatına görə, tələbələr Təhsil və Elm Nazirliyinin elan etdiyi təhsil islahatının geri götürülməsini tələb ediblər.

Universitet rəhbərliyi dövlət ali təhsil müəssisələrində tələbə kvotalarının bölüşdürülməsi ilə bağlı hökumətin qərarına etiraz etdiyini açıqlayıb. Ali kollegial orqanların birgə bəyanatında vurğulanıb ki, sözügedən qərar ləğv edilməlidir.

Bildirilib ki, qərara əsasən, universitetə bütün təhsil proqramları üzrə tələbə qəbulu dayandırılır. Yalnız pedaqoji ixtisaslar və ABET akkreditasiyasına malik STEM proqramları istisna təşkil edir.

Universitet hesab edir ki, bu qərar qeyri-konstitusion xarakter daşıyır və Gürcüstanda ali təhsilə, universitetlərin muxtariyyətinə və akademik azadlığa ciddi zərbə vurur. Qeyd olunub ki, beynəlxalq səviyyədə tanınan tədqiqat və tədris proqramları təhlükə altına düşür, ölkənin Avropa inteqrasiyası perspektivlərinə mənfi təsir göstərilir.

Bəyanatda həmçinin vurğulanır ki, universitet tam akkreditə olunmuş proqramlar üzrə tələbə qəbulu və yüksək səviyyəli elmi laboratoriyalarda tədqiqat aparmaq imkanından məhrum edilir. Bu isə sosial və humanitar elmlər, həyat və dəqiq elmlər sahələrində həyata keçirilən proqramlara mənfi təsir göstərəcək.

Universitet rəhbərliyi bildirir ki, qərar 17 mindən çox tələbə və 3 min əməkdaşla yanaşı, ali məktəbin inkişafında mühüm rol oynadığı cəmiyyətə də təsir edir.

İliya Dövlət Universiteti qərarın sübutsuz və ekspert rəyləri nəzərə alınmadan qəbul edildiyini bildirərək onun dərhal ləğvini tələb edir və məsul şəxsləri universitet ictimaiyyəti ilə görüşə çağırır.

Qeyd edək ki, tələbələr 15 fevral saat 15:00-da təhsil islahatına qarşı növbəti etiraz aksiyası elan ediblər.

ŞƏRH YAZ
0