Maaş artımı məhsul qiymətlərinin yüksəlməsi ilə kompensasiya olunur və bu, əhalinin rifahına müsbət təsir göstərmir.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin ərzaq məhsulları, dərman vasitələri və yanacağın qiymət formalaşması strukturunu araşdıran müvəqqəti komissiyasının üzvü, parlamentin vitse-spikeri Nino Tsilosani bildirib.
Onun sözlərinə görə, komissiyanın işi ictimai şəkildə başlamazdan əvvəl geniş araşdırmalar aparılıb, fərdi müsahibələr və fokus qruplar təşkil olunub. Araşdırmalar göstərib ki, vətəndaşlar müxtəlif aksiyalara uyğun olaraq eyni məhsulu bir neçə fərqli mağazada almağa məcbur qalırlar.
“İnsanlar yaşadıqları ərazidə hansı mağazada, nə vaxt aksiya olduğunu nəzərə alaraq üç-dörd mağaza arasında seçim etməyə məcbur olurlar. Onlar aksiyadan aksiyaya dolanırlar”, – deyə Tsilosani qeyd edib.
Vitse-spiker vurğulayıb ki, son üç ildə maaşlar təxminən 20-25 faiz artsa da, məhsulların qiyməti də eyni həddə yüksəlib.
“Bu o deməkdir ki, dövlət siyasətinin əsas məqsədi olan gəlirlərin artırılması və vətəndaşların daha yaxşı rifah hiss etməsi praktik olaraq nəticə verməyib. Maaş artımı məhsul qiymətlərinin artımı ilə neytrallaşıb”, – deyə o bildirib.
Tsilosani əlavə edib ki, yerli istehsalçılar qiymətlərin azaldılması istiqamətində addımlar atmaq istəsələr də, iri ticarət şəbəkələri istehlakçı maraqlarını kifayət qədər nəzərə almırlar.
Onun sözlərinə görə, məhsulun yararlılıq müddətinin bitməsinə az qalmış qiymətin endirilməsi istehlakçı üçün faydalı ola bilər. Lakin süd məhsulları istehsal edən şirkətin nümayəndəsi komissiyada bildirib ki, belə qiymət siyasəti tam şəkildə ticarət şəbəkələrinin səlahiyyətindədir və istehsalçıların bu qərarlara təsir imkanı yoxdur.