“Sante” şirkətinin nümayəndəsi, hüquqşünas Giorgi Getsadze, Gürcüstan parlamentinin ərzaq məhsulları, dərman vasitələri və yanacağın qiymət formalaşması strukturunu araşdıran müvəqqəti komissiyasının iclasında şirkətin üzləşdiyi əsas çətinliklərdən danışıb.
O bildirib ki, şirkət üçün əsas problem xammalın – xüsusilə südün qiymətidir. Getsadzenin sözlərinə görə, ölkədə bir neçə iri təchizatçı fəaliyyət göstərir və şirkət onlarla əməkdaşlıq edir. O, nümunə olaraq “Kvareli Bagi” təsərrüfatını qeyd edib.
Hüquqşünas vurğulayıb ki, fermer sektorunun inkişafı və süd istehsalçılarının sayının artması bazarda rəqabəti gücləndirəcək. Bu isə südün, nəticə etibarilə xammalın qiymətinin ucuzlaşmasına səbəb olacaq.
“Bizim üçün əsas çağırış xammalın qiymətidir. Əgər bu sektor – yəni süd istehsal edən fermerlər inkişaf edərsə, bu, bizim üçün müsbət olar. Ölkədə bir neçə iri təchizatçı var və onlarla əməkdaşlıq edirik. Lakin belə fermaların sayı nə qədər çox olarsa, bizim üçün bir o qədər yaxşıdır. Çünki südün qiyməti ucuzlaşacaq və xammalın ucuzlaşması son məhsulun qiymətinin də azalmasına gətirib çıxaracaq”, – deyə şirkət nümayəndəsi bildirib.