Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiya ilə diplomatik münasibətlərin və Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin mümkün bərpası barədə yayılan məlumatlara münasibət bildirib.
Aktual.ge xəbər verir ki, o bu məsələlərlə bağlı heç bir kommunikasiya aparılmadığını vurğulayıb.
Onun sözlərinə görə, əgər bu istiqamətdə hər hansı yenilik olarsa, ictimaiyyətə məlumatı özləri təqdim edəcəklər.
“Bu mövzu ilə bağlı bizim heç bir kommunikasiya olmayıb, bunu deyə bilərəm. Əgər bu istiqamətdə hər hansı yenilik olsa, müvafiq məlumatı ictimaiyyətə özümüz təqdim edəcəyik”, - deyə İrakli Kobaxidze qeyd edib.
O, həmçinin Rusiyada, İsveçrənin səfirliyində fəaliyyət göstərən Gürcüstanın maraqlar bölməsinin rəhbəri vəzifəsinə Aleksandre Tsuladzenin təyin olunmasına da toxunub və qeyd edib ki, bölmə mövcud vəziyyətə uyğun fəaliyyət göstərəcək. Hazırda Gürcüstanın Rusiya ilə ticarət əlaqələri var, lakin diplomatik münasibətləri yoxdur.
“Aleksandre Tsuladze təcrübəli şəxsdir, təhsil naziri olub və müvafiq qərar qəbul etdik. Bildiyiniz kimi, səfir və ya səfirə bərabər tutulan şəxsin təyin olunması həm siyasi, həm də qeyri-siyasi qaydada mümkündür. Bizim ticarət-iqtisadi münasibətlərimiz var, lakin diplomatik münasibətlərimiz yoxdur – bölmə Rusiya Federasiyasında məhz bu reallığı nəzərə alaraq fəaliyyət göstərəcək”, - deyə hökumət başçısı əlavə edib.
Məlumat üçün bildirək ki, bir tərəfdən Rusiyanın baş nazir müavini Aleksei Overchuk Abxaziya ərazisindən keçməklə Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpasının müzakirə olunduğunu açıqlayıb. Digər tərəfdən isə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Gürcüstanla qarşılıqlı faydalı ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.