18 fevral günün ikinci yarısından 19 fevral günün sonunadək Gürcüstanda hava şəraitinin pisləşəcəyi gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, qeyd olunan müddətdə ölkə ərazisində yağış, bəzi yerlərdə isə güclü yağıntı proqnozlaşdırılır. Qərb küləyi güclənəcək, dənizdə 4-6 bal gücündə fırtına müşahidə olunacaq.
Yüksək dağlıq rayonlarda qar, bəzi ərazilərdə güclü qar, duman, çovğun və uçqun təhlükəsi gözlənilir. Güclü qar, çovğun, görmə məsafəsinin azalması, buzlanma və uçqun riski ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.
Gözlənilən intensiv yağıntılar Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, Qərbi Gürcüstanın kiçik çaylarında daşqınlara, həmçinin təpəlik və dağlıq zonalarda torpaq sürüşməsi və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər.
Agentlik bildirib ki, təhlükə səviyyəsi orta qiymətləndirilib.