İran dövlətini devirməyə çalışan Tramp administrasiyasının uğursuz olacağını söyləyən İranın ali dini lideri Ayətullah seyid Əli Xamenei, Hörmüz boğazında ABŞ-a məxsus hərbi gəmini batıra biləcəklərini qeyd edib.
Aktual.ge xəbər verir ki, o, bu sözləri İranın Şərqi Azərbaycan əyalətinin müxtəlif təbəqələrindən insanlarla görüşündə söyləyib.
"ABŞ Prezidenti də dəfələrlə deyir ki, ordumuz dünyanın ən güclü ordusudur. Dünyanın ən güclü ordusuna bəzən elə zərbə endirilə bilər ki, ayağa qalxa bilməz. Onlar daim deyirlər ki, biz İrana gəmi göndərmişik. Əlbəttə ki, gəmi təhlükəli bir cihazdır, amma gəmidən daha təhlükəlisi bu gəmini dənizin dibinə batıra biləcək silahdır" , - deyə Ayətullah Xamenei qeyd edib.
Donald Trumpın İran hökumətini aradan qaldırmaqla bağlı bəyanatlarına reaksiya verən Ayətullah Xamenei deyib:
“ABŞ prezidenti son çıxışlarından birində deyib ki, ABŞ 47 ildir İslam Respublikasını məhv etməyə nail ola bilməyib. Sizə deyirəm: 'Siz də bacarmayacaqsınız'”.
"ABŞ danışıqların nəticəsini əvvəlcədən müəyyənləşdirib" - deyən Əli Xamenei qeyd edib:
"Gəlin nüvə enerjinizlə bağlı danışıqlar aparaq və danışıqların nəticəsi sizin bu enerjiyə sahib olmamağınız olsun, – deyirlər. Danışıqların nəticəsini əvvəlcədən müəyyən etmək yanlışdır və axmaq bir işdir. Sən deyirsən ki, gəl bu məsələ barədə danışaq, razılığa gələk; o halda niyə nəticəni qabaqcadan müəyyənləşdirir və mütləq bu nəticəyə çatmalıyıq deyirsən? Bu, axmaqlıqdır. ABŞ prezidentləri, bəzi senatorlar və digər rəsmilər bu cür axmaq addım atırlar".
ABŞ–İran danışıqlarının 2-ci turu Cenevrədə başlayıb
İran ilə ABŞ arasında Oman vasitəçiliyi ilə aparılan nüvə danışıqlarının ikinci turu İsveçrənin Cenevrə şəhərində start götürüb. Görüşlər çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçı və ABŞ Prezidenti Donald Trumpın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff günorta saatlarında Oman xarici işlər naziri Bedr bin Hamed el-Busaidi ilə ayrı-ayrılıqda görüşüblər.
İran və ABŞ arasında Oman vasitəçiliyi ilə mesaj mübadiləsi formatında dolayı danışıqlar Omanın Cenevrədəki səfirliyində başlayıb.
2025-ci ilin iyununda İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumlar və 12 gün davam edən müharibə səbəbindən dayandırılan diplomatik prosesin yenidən canlandırılmasından sonra tərəflər Maskatda keçirilən ilk turdan sonra danışıqları Avropaya daşıyıblar.
Cenevrədə keçirilən görüşlərdə İran nümayəndə heyətinə xarici işlər naziri Abba Əraqçı rəhbərlik edir. ABŞ tərəfini isə Prezident Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Uitkoff təmsil edir.