Marneuli Mərkəzi İmam Əli (ə.s) Məscidinin axundu, imam-cümə Hacı Hacıyev Ramazan ayının hilalının görüldüyünü və 19 fevral tarixinin müqəddəs ayın ilk günü olduğunu açıqlayıb.
Aktual.ge xəbər portalına danışan din xadimi bildirib ki, fevralın 19-u müqəddəs Ramazan ayının birinci günüdür.
Müsəlmanları oruc tutmağa və Ramazan ayının fəzilətlərindən bəhrələnməyə dəvət edən Hacı Hacıyev qeyd edib ki, İstihlal mərkəzlərində (yeni hilalın müşahidəsi üzrə mərkəzlərdə) Ramazan ayının hilalı təsdiqlənib.
“Öncəliklə müqəddəs Ramazan ayının gəlişi münasibətilə ölkə və dünya müsəlmanlarını səmimi qəlbdən təbrik edirəm. İstihlal mərkəzlərinin verdiyi məlumata əsasən, mübarək Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edir. Beləliklə, fevralın 18-i niyyət gecəsidir. İnşallah, fevralın 19-u sübh azanından etibarən oruca başlanılacaq. Uca Allah ibadət və itaətlərinizi, oruc və namazlarınızı qəbul etsin. Bütün müsəlmanları bu mübarək aydan layiqincə bəhrələnməyə dəvət edirəm”, – deyə Hacı Hacıyev bildirib.