Qurcaani bələdiyyəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi üç azyaşlının ölümü ilə nəticələnib.
Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, bədbəxt hadisə gecə saatlarında Melaani kəndi ərazisində qeydə alınıb.
Yerli sakinlərin bildirdiyinə görə, içərisində beş nəfərin olduğu minik avtomobili toqquşmadan sonra aşıb və yanmağa başlayıb. Alovlanan avtomobildən iki nəfər çıxa bilib, üç nəfər isə vaxtında xilas ola bilməyib.
Məlumata görə, yeniyetmələr kənddə yerləşən Müqəddəs Üçlük kilsəsinə gedib qayıdırmışlar. Qəza məhz geri dönərkən baş verib. Avtomobili 14 yaşlı yeniyetmənin idarə etdiyi bildirilir.
Yerli sakinlərin sözlərinə görə, avtomobildə ümumilikdə beş nəfər olub. Qəza nəticəsində üç azyaşlı – Saba, Merab və Qvantsa həyatını itirib. Həlak olanlardan Saba və Merab xalaoğludurlar, Qvantsa isə onların əmisi qızıdır. Bildirilir ki, Qvantsa hadisədən bir müddət əvvəl şəhərdən kəndə gəlibmiş.
Hadisə yerinə təcili tibbi yardım briqadaları, xilasetmə xidməti və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.