Bu gün paytaxtı Tbilisidə yerləşən Axis Towers kompleksində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Aktual.ge xəbər verir ki, anım mərasimi Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi (GASU) tərəfindən təşkil olunub.
Mərasim Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra iştirakçılara 1992-ci ildə baş vermiş faciə haqqında ətraflı məlumat verilib, tarixi yaddaşın qorunmasının vacibliyi vurğulanıb.
Burada Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Kamal Xəlilov çıxış edərək günün əhəmiyyətindən danışıb. Ardınca “İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov Xocalı faciəsinin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının önəmini qeyd edib.
Proqram çərçivəsində GASU üzvü Gülzadə İsayeva “Xocalıda yarımçıq qalan uşaqlıq” mövzusunda çıxış edərək faciənin uşaqların taleyində buraxdığı izlərdən bəhs edib. Digər üzv Sultan Süleyman Novruzov isə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqında çıxış edib və onunla bağlı hazırladığı video materialı təqdim edib.
Daha sonra GASU rəhbəri Aytəkin Allahverdiyeva “Müharibə jurnalistikası” mövzusunda çıxış edərək informasiya cəbhəsinin roluna toxunub. Ülviyyə Ağayeva “Təbliğatın gücü və yanlış bilinən həqiqətlər” mövzusunda fikirlərini bölüşüb. GASU üzvü və “New Generation” gənclər şəbəkəsinin rəhbəri Emil Allahverdiyev isə “Beynəlxalq reaksiya və ədalət” mövzusunda danışıb.
Mərasimdə həmçinin Zeynəb Nurməmmədova “Tarixi xatırlamaq niyə vacibdir?”, Lalə Babayeva “Yaddaşın susmayan səsi və insanlığın vicdanı” mövzularında çıxış ediblər. Sonda Renat Məmmədov söz alaraq sülhün əhəmiyyəti barədə fikirlərini səsləndirib.
Anım mərasimi iştirakçıların Xocalı qurbanlarının xatirəsinə ehtiram ifadə etməsi ilə yekunlaşıb.