Tbilisidə İran səfirliyində insident | Səfir baş verənlərdən danışdı
02.03.2026 17:08
514
Siyasət
A
Tbilisidə İran səfirliyində insident | Səfir baş verənlərdən danışdı

Tbilisidə, İran səfirliyinin konsulluq şöbəsinin pəncərələrindən birinin şüşəsi sındırılıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı İrаnın Gürcüstandakı səfiri Seyid Əli Məcani yayıb.

Səfir sosial şəbəkədə yazıb ki, insident dünən baş verib.

Onun sözlərinə görə, cinayəti törədən şəxs artıq saxlanılıb. 

“Dünən gecə, bir məsuliyyətsiz iranlının qanunsuz hərəkəti nəticəsində səfirliyin konsulluq şöbəsinin pəncərələrindən birinin şüşəsi sındırılıb. Hadisədən dərhal sonra Dövlət Mühafizə Xidməti əraziyə gəlib, dəqiq və peşəkar şəkildə hərəkət edərək təqsirkarı saxlayıb.

Daha sonra Tbilisidə İran İslam Respublikasının səfirliyinin qarşısına kriminal polis əməkdaşları gəlib, dəymiş ziyanın məbləğinin müəyyən edilməsi və təqsirkar barəsində hüquqi tədbirlərin görülməsi prosesinə başlayıblar.

Gürcüstan qanunvericiliyinə əsasən, həmin şəxs altı ay müddətinə həbsdə saxlanılacaq, cəriməni ödədikdən sonra isə Gürcüstandan deportasiya olunacaq və bu ölkəyə yenidən giriş hüququndan məhrum ediləcək.

Dövlət Mühafizə Xidmətinin məsuliyyətli, qətiyyətli və qanuna uyğun davranışı təqdirəlayiqdir. Bu peşəkar yanaşma gürcü institutlarının qanuna sadiqliyini, diplomatik nümayəndəliklərin təhlükəsizliyinə və beynəlxalq qaydalara hörmətini açıq şəkildə nümayiş etdirir.

İran İslam Respublikasının səfiri olaraq, Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına və digər aidiyyəti qurumlara göstərdikləri səylərə, diqqətə, məsuliyyətə və operativ reaksiyaya görə səmimi təşəkkürümü bildirirəm. Bu konstruktiv əməkdaşlığı iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin göstəricisi hesab edirəm”, - deyə iranlı diplomat sosial şəbəkədə yazıb.

ŞƏRH YAZ
3