İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) bildirib ki, “Həqiqi Vəd Əməliyyatı”nın 10-cu dalğası çərçivəsində İsrail Baş nazirinin ofisi və hava qüvvələri komandanlığının qərargahı “Xeybər” raketləri ilə hədəfə alınıb.
Aktual.ge xəbər verir ki, "Sepah"ın açıqlamasında belə qeyd olunub.
Açıqlamada Baş nazir Binyamin Netanyahunun aqibətinin naməlum olduğu iddia edilib.
ABŞ, İsrail və İran arasında müharibə üçüncü günündə davam edərkən, "Sepah" səhər saatlarında yaydığı yazılı açıqlamada İsrailə qarşı yeni raket hücumu həyata keçirdiklərini bildirib. Açıqlamada əməliyyatın “Həqiqi Vəd Əməliyyatı” çərçivəsində icra olunduğu qeyd edilib.
Qurum İsrail Baş nazirinin ofislərinin və İsrail Hərbi Hava Qüvvələri komandanına məxsus qərargahın “Xeybər” raketləri ilə “hədəfli və sürpriz” hücuma məruz qaldığını açıqlayıb.
Açıqlamada “Sionist rejimin baş nazirinin aqibəti qeyri-müəyyən olaraq qalır” ifadəsi yer alıb.
İran tərəfi işğal altındakı ərazilərə qarşı təşkil edilən raket hücumlarının “uğurla” həyata keçirildiyini və Sionist hökumət kompleksinin hədəfə alındığını iddia edib.
İslam İnqilabı Keşikçiləri Korpusu hücumun nəticələri və əlavə məlumatlarla bağlı təfərrüatların daha sonra açıqlanacağını bildirib. İsrail rəsmilərindən isə iddialarla bağlı hələlik rəsmi açıqlama verilməyib. Digər tərəfdən, bəzi sosial media hesabları və regional mənbələr İsrailin Baş naziri Binyamin Netanyahunun hücum zamanı Almaniyada olduğunu iddia edib.
ABŞ–İsrailin İrana hücumları
İsrail və ABŞ, Tehran və Vaşinqton administrasiyaları arasında danışıqlar davam etdiyi bir vaxtda – 28 fevral tarixində İrana qarşı hərbi əməliyyata başlayıb.
İran isə İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla bəzi region ölkələrində müəyyən etdiyi hədəflərə zərbələrlə cavab verib.
ABŞ–İsrail hücumları nəticəsində İranın ali lideri Ayətullah Əli Xamenei ilə yanaşı, çox sayda yüksək vəzifəli şəxs həlak olub.
İran Qızıl Aypara Cəmiyyəti ölkəyə qarşı bombardmanlar nəticəsində 555 nəfərin həyatını itirdiyini, 747 nəfərin isə yaralandığını açıqlayıb.