Gürcüstandan 98 xarici ölkə vətəndaşı deport edilib
03.03.2026 12:22
151
Siyasət
A
Gürcüstandan 98 xarici ölkə vətəndaşı deport edilib

Gürcüstan Daxili İşlər Nazirliyi-nin Miqrasiya Departamenti son günlər həyata keçirilən kompleks tədbirlər çərçivəsində 98 xarici ölkə vətəndaşını Gürcüstandan deport edib.

Aktual.ge xəbər verir ki, əməliyyatlar nazirliyin digər müvafiq qurumları ilə koordinasiyalı şəkildə aparılıb.

Deport edilənlər Çin, Türkiyə, Türkmənistan, Hindistan, Misir, Rusiya, Pakistan, Azərbaycan, İordaniya, Almaniya, Nigeriya, İraq, Banqladeş, Özbəkistan, Vyetnam, Keniya və Konqo vətəndaşlarıdır. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, onların ölkəyə yenidən girişinə qadağa qoyulub.

Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar ayında 232 nəfər, ötən ay isə 312 nəfər qeyri-qanuni miqrant ölkədən çıxarılıb. Beləliklə, ilin ilk iki ayında deport edilənlərin ümumi sayı 544 nəfərə çatıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 346 faiz artım deməkdir və 2025-ci ilin analoji dövrünün nəticələrini 4,5 dəfə üstələyir.

Cari ilin yanvar-fevral aylarında ölkədə qalma müddətini pozan 1306 xarici vətəndaş Gürcüstanı tərk edib. Onlara İnzibati Xətalar Məcəlləsinin 191-ci maddəsinə əsasən 1000–3000 lari məbləğində cərimə tətbiq olunub və əlavə olaraq 1 ildən 3 ilədək ölkəyə giriş qadağası qoyulub.

ŞƏRH YAZ
0