Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət üzvləri ilə birlikdə müsəlman icması üçün iftar süfrəsi təşkil edib.
Aktual.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat verib.
İftar məclisində çıxış edən hökumət başçısı müasir və güclü Gürcüstan dövlətinin qurulması prosesində müsəlman icmasının rolundan danışıb və onları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.
“Bizim üçün böyük şərəfdir ki, bu il də sizi iftar süfrəsində qəbul edirik. Bu görüş bir daha sübut edir ki, qardaşlığımız, birliyimiz və qarşılıqlı hörmətimiz sarsılmazdır. Gürcüstandakı hər bir müsəlmanı, bütün müsəlman icmasını müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm. Tezliklə İslam dünyası Ramazan bayramını qeyd edəcək. Bu, birlik və qardaşlığın böyük bayramıdır və Gürcüstan dövləti bu sevinci sizinlə bölüşür. Bizim gücümüz Gürcüstanda, bu torpaqda yaşayan xalqları birləşdirən həmrəylikdədir. Bu gün regionda çox mürəkkəb hadisələr baş verir və bu fonda Gürcüstanda sünnilər və şiələrin eyni məsciddə birlikdə namaz qılması xüsusi rəmzi məna daşıyır. Gürcü İslamı məhz bu xüsusiyyəti ilə unikaldır. Düşünürəm ki, bu, dinc birgəyaşayış və ümumi razılığın hər kəs üçün nümunə ola biləcək örnəyidir. Bir daha vurğulamaq istəyirəm ki, Yaxın Şərqdə hazırda mürəkkəb vəziyyət yaranıb. Dost ölkələrə sülhün bərpasını arzulayıram. Bu, insanların rifahı, tərəqqisi və inkişafı üçün vacib şərtdir. Hər kəsə sülh arzulayıram”, - deyə İrakli Kobaxidze bildirib.
İftarda tədbirində həmçinin Dövlət Din Məsələləri Agentliyinin sədri Zaza Vaşakmadze, BGMİ-nin şeyxi Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstanın müftisi Etibar Eminov və Qərbi Gürcüstanın müftisi Adam Şantadze çıxış ediblər.
Gürcüstanın Baş nazirinin adından müsəlman icmasının şərəfinə təşkil olunan iftarda Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Tea Axvlediani, Regional İnkişaf naziri Kaxa Quledani, Acara Muxtar Respublikasının Hökumət sədri Sulxan Tamazaşvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər.