İlia Dövlət Universitetinə həmrəylik | Etnik azlıqların nümayəndələri təhsil islahatını tənqid ediblər
11.03.2026 16:21
278
Siyasət
A
İlia Dövlət Universitetinə həmrəylik | Etnik azlıqların nümayəndələri təhsil islahatını tənqid ediblər

İlia Dövlət Universitetinin qarşısında etnik azlıqların nümayəndəsi olan tələbələr, valideynlər, müəllimlər və vətəndaş cəmiyyəti üzvləri fövqəladə bəyanatla çıxış edərək “Gürcü Arzusu”nun təhsil islahatını tənqid ediblər.

Aktual.ge xəbər verir ki, bəyanat müəlliflərinin sözlərinə görə, islahat və 1+4 proqramının gələcəyi ilə bağlı qeyri-müəyyənlik minlərlə etnik azlıq nümayəndəsi olan tələbənin təhsil hüququnu təhlükə altına qoyur.

Onlar tələb edirlər ki, 1+4 proqramı tam şəkildə qorunsun, İlia Dövlət Universitetinin akademik muxtariyyəti və müstəqilliyi təmin edilsin, həmçinin 2025–2026 tədris ilində qəbul olunmuş təxminən 500 etnik azlıq nümayəndəsi olan tələbənin təhsil hüququ təmin edilsin.

Hazırda universitetdə hazırlıq mərhələsində olan bu tələbələr gələn ildən bakalavr birinci kursuna keçməlidirlər və hər biri İlia Dövlət Universitetində təhsil almaq istəyir.

Qeyd olunur ki, 2025–2026 tədris ilində 1+4 proqramı çərçivəsində etnik azlıqlar digər universitetlərə də qəbul olunublar, o cümlədən Gürcüstan Texniki Universiteti, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Suxumi Dövlət Universiteti və digər ali məktəblər. Buna görə də islahat yalnız bir universiteti deyil, ölkə üzrə minlərlə tələbənin gələcəyini təsir edə bilər.

Bəyanat müəllifləri bir sıra suallar irəli sürürlər:

  • Gələn il bu tələbələr hansı universitetlərdə təhsilini davam etdirəcək?

  • Onların hüquqları və təhsil imkanları necə təmin olunacaq?

  • 1+4 proqramının ixtisarı və ya ləğvi bu gənclərin gələcəyinə necə təsir edəcək?

Onların fikrincə, 1+4 proqramı etnik azlıqların ali təhsilə çıxışını təmin edən mühüm mexanizmdir və onun ixtisarı sosial bərabərsizliyi artıracaq, həmçinin etnik azlıqların inteqrasiyasına ciddi zərbə vuracaq.

Bəyanat müəlliflərinin tələbləri:

  • 1+4 proqramının tam şəkildə saxlanılması;

  • İlia Dövlət Universitetinin akademik muxtariyyətinin və müstəqilliyinin qorunması;

  • 2025–2026 tədris ilində qəbul olunmuş 500-dək etnik azlıq nümayəndəsi olan tələbənin təhsil hüququnun təmin edilməsi;

  • Qərar qəbulunda tələbələrin və akademik heyətin iştirakının təmin olunması;

  • Təhsil islahatlarının açıq, şəffaf və ictimai müzakirələr əsasında həyata keçirilməsi.

Bəyanat müəllifləri Gürcüstan hökumətini, Təhsil Nazirliyini və aidiyyəti qurumları etnik azlıqların nümayəndəsi olan tələbələrin maraqlarını nəzərə almağa və planlaşdırılan zərərli dəyişiklikləri dərhal dayandırmağa çağırırlar.

ŞƏRH YAZ
3