Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Andria Jagmaidze Gürcüstan azərbaycanlıları tərəfindən göstərilən həmrəyliyə görə təşəkkürünü bildirib.
Aktual.ge xəbər portalına danışan xristiyan din adamı Gürcüstan azərbaycanlılarının həm Novruz, həm də Ramazan bayramı şənliklərini Patriarx II İliyanın vəfatı ilə əlaqədar ləğv etməsini də yüksək qiymətləndirib.
O, bu addımı qardaşlıq nümunəsi adlandırıb və bunun unudulmamalı olduğunu vurğulayıb.
"Bu, xeyirxahlığın və insani münasibətlərin bütün digər dəyərlərdən üstün olduğunun bariz nümunəsidir. Patriarxın özü də digər dinlərin nümayəndələrinə qarşı hər zaman məhz bu cür yanaşmış, onlara qarşı daim sevgi və ata-oğul münasibəti bəsləmişdir. Müsəlman əhalisinin bu ağır dönəmdə nümayiş etdirdiyi həmrəylik və dəstəyə görə çox şadıq və onlara dərin minnətdarlığımızı bildiririk.
Biz bu addımı çox yüksək qiymətləndiririk; bu, qardaşlıq münasibətidir və bunun qədrini bilmək lazımdır. Yaxşı olar ki, bunu heç birimiz unutmayaq və bu qardaşlıq əlaqələrini uzun müddət qoruyub saxlayaq" , - deyə Andria Jagmaidze qeyd edib.
Qeyd edək ki, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İliyanın 18 mart tarixində vəfat etməsi ilə əlaqədar Gürcüstanın azərbaycanlı icması Ramazan və Novruz Bayramı şənliklərini ehtiram əlaməti olaraq ləğv edib.
