Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndində "Saral İnkişaf və Təhsil Mərkəzi"nin fəaliyyətə başlamasının bir illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Aktual.ge xəbər verir ki, tədbiri giriş sözü ilə açan mərkəzin koordinatoru Sara İsgəndərova qonaqları salamlayaraq, mərkəzin yaranma tarixi, ötən bir il ərzində qət edilən yol və əldə olunan uğurlar barədə ətraflı məlumat verib.
Tədbirdə mərkəzin himayədarı, tanınmış xeyriyyəçi iş adamı Rəhim Hüseynovun iştirakçılara ünvanladığı təbrik məktubu oxunub. Məktubda təhsilin və gənclərin inkişafının region üçün önəmi vurğulanıb.
Daha sonra çıxış edən "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov və Yuxarı Saral İctimai Birliyinin rəhbəri Qasım Hacızadə layihənin kənd icması üçün əhəmiyyətindən danışıblar. Natiqlər bu cür mərkəzlərin gənclərin potensialının üzə çıxarılmasında mühüm rol oynadığını qeyd ediblər.
Könüllü müəllimlərdən şagirdlərə dəstək
Tədbirin ikinci hissəsində fəal Süleyman Novruzovun hazırladığı, mərkəzin bir illik fəaliyyətini əks etdirən xüsusi videoçarx nümayiş olunub.
Mərkəzin fəaliyyətində əməyi olan könüllü müəllimlər çıxış edərək tədris prosesi ilə bağlı təəssüratlarını bölüşüb və şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda mərkəzin müəllim və şagird heyəti ilə birlikdə xatirə şəkli çəkdirilib.







