Gürcüstanda Kür çayı (Mtkvari) boyunca ekoloji vəziyyətlə bağlı narahatlıq doğuran faktlar üzə çıxıb. Tbilisinin bəzi ərazilərində kanalizasiya sisteminin olmaması səbəbindən çirkab sularının birbaşa çaya axıdıldığı məlum olub.
Aktual.ge xəbər verir ki, məsələ ilə bağlı Gürcüstan Bələdiyyə İnkişaf Fondu (MDF) tərəfindən Ətraf Mühitə Nəzarət Departamentinə təqdim olunan sənədlərdə qeyd edilir ki, paytaxtın Nakduli küçəsi və Qardabani şossesi yaxınlığında yerləşən fərdi yaşayış evləri mərkəzi kanalizasiya sisteminə qoşulmayıb. Nəticədə, həmin ərazilərdə yaranan tullantı suları birbaşa Kür çayına axıdılır.
Qeyd olunan ərazi, eyni zamanda BƏƏ şirkəti "Eagle Hills" Tbilisidə həyata keçirməyi planlaşdırdığı iri layihəyə yaxın yerləşir ki, bu da problemin aktuallığını daha da artırır.
Gürcüstan Bələdiyyə İnkişaf Fondunun açıqlamasına görə, problemin həlli məqsədilə Tbilisi–Rustavi avtomobil yolunun Poniçala hissəsinin tikintisi çərçivəsində yeni kanalizasiya sisteminin qurulması planlaşdırılır. Layihəyə əsasən, ərazidə müasir kollektor xətləri və nasos stansiyaları inşa ediləcək, çirkab sularının mərkəzi sistemə ötürülməsi təmin olunacaq.
Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədlərində bildirilir ki, hazırda yerli əhali tərəfindən qurulmuş primitiv kanalizasiya sistemləri vasitəsilə tullantı suları nəzarətsiz şəkildə çaya axıdılır. Yeni layihə çərçivəsində isə ümumi uzunluğu 1462 metr olan kollektor xətləri çəkiləcək, iki nasos stansiyası vasitəsilə tullantı suları əsas axıdma kollektoruna yönləndiriləcək.
Bundan əlavə, layihəyə əsasən, Tbilisi–Rustavi magistral yolunun 3,6 kilometrlik hissəsi Poniçala qəsəbəsi ərazisindən keçəcək. Yolun bir hissəsinin Kür çayının sol sahilinə köçürülməsi, həmçinin 211 və 170 metr uzunluğunda iki körpünün tikintisi nəzərdə tutulur.
Qeyd edək ki, bu layihə 2019-cu ildə yerli sakinlərin etirazları səbəbindən dayandırılmışdı. Hazırda isə yenilənmiş plan əsasında həm yol infrastrukturu, həm də kanalizasiya sisteminin paralel şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur.
Mütəxəssislər hesab edirlər ki, layihənin həyata keçirilməsi Kür çayının çirklənməsinin qarşısını almaqla yanaşı, bölgədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və şəhər infrastrukturunun müasirləşdirilməsinə mühüm töhfə verəcək.