"Marneuli merinin qardaşı öz ətrafındakı şəxslərlə birlikdə Marneulidə bir vətəndaşı vəhşicəsinə döyüb. Merin ailə üzvləri artıq bir həftədən çoxdur ki, şəhərdə xaos yaradırlar".
Aktual.ge xəbər verir ki, bu sözləri sosial şəbəkədə ictimai fəal Samirə Bayramova yazıb.
Onun sözlərinə görə, sahibkarlardan biri çörəyin qiymətini artırmadığına görə mer Daur İsmayılovun qardaşı [Kənan İsmayılov] həmin şəxsi döyüb.
"Onlar öz biznes maraqlarına görə çörəyin qiymətini süni şəkildə artırıblar və digər sahibkarları da eyni şeyi etməyə məcbur ediblər. Onlardan biri şəxsən mənimlə də əlaqə saxlamışdı. Tabe olmayanlardan biri isə bu gün vəhşicəsinə döyülüb.
Bu hadisə haqqında məlumatı mənə ilk olaraq bu gün səhər tezdən hadisə yerində olan bir taksi sürücüsü verdi. Lakin onun mesajı spam qovluğuna düşdüyü üçün vaxtında görməmişəm. Bir az əvvəl isə başqa bir vətəndaş mənimlə əlaqə saxladı. O, polisə şikayət etmək istəyirmiş və hadisə barədə məlumatı o da eşidib. Zərərçəkəndən və onun ailəsindən xahiş edirəm ki, mütləq mediaya məlumat versinlər, bu sizin yeganə vasitəniz olacaq. Faktı və zorakılığı gizlədə bilməyəcəklər. Ölkədə vəzifəli şəxslərin 'qorunması' praktikası bitməlidir.
Dediklərinə görə, hazırda Marneuli polis idarəsində merin özü, onun müavini və parlament deputatı da var. Bu isə onların prosesə birbaşa cəlb olunması ilə bağlı əsaslı şübhələr yaradır.
Bu, şəhərdə qanunun deyil, təsir və zorakılığın işlədiyini göstərən ciddi siqnaldır.
Müvafiq qurumları faktların obyektiv və tam şəkildə araşdırılmasını təmin etməyə çağırırıq. Cinayətkarların yeri həbsxanadır!
Qanun qarşısında bütün vətəndaşlar bərabərdir və istənilən zorakılıq və ya səlahiyyətlərdən sui-istifadə müvafiq hüquqi qiymətini almalıdır", - deyə Samirə Bayramova qeyd edib.