Paytaxt Tbilisi şəhərində Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı üçün yeni binanın tikintisi məqsədilə beş vətəndaşa məxsus daşınmaz əmlakın alınması nəzərdə tutulur.
Aktual.ge xəbər verir ki, bu məsələ Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müvafiq əmri ilə təsdiqlənib.
Sənəddə bildirilir ki, Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı uzun illərdir Gürcüstanda fəaliyyət göstərir və səhnələşdirdiyi tamaşalar ölkənin mədəni müxtəlifliyində xüsusi yer tutur. Teatr hazırda Tbilisidə Qorqasali küçəsi 1 ünvanında yerləşir. Mövcud binada teatra ayrılan sahələr usufrukt hüququ əsasında verilib və bu sahələr teatrın normal fəaliyyəti üçün yetərli deyil. Həmçinin binanın texniki vəziyyəti qənaətbəxş hesab olunmur.
Nazirliyin açıqlamasında qeyd olunur ki, bu səbəbdən Azərbaycan və Gürcüstanın siyasi rəhbərliyi Qorqasali küçəsində yerləşən bir neçə torpaq sahəsində Azərbaycan dövlətinin maliyyəsi ilə yeni teatr binasının tikilməsinə qərar verib.
Məlumata görə, 27 oktyabr 2023-cü ildə hər iki ölkənin Baş nazirlərinin iştirakı ilə yeni binanın təməlqoyma mərasimi keçirilib. Lakin sonrakı layihələndirmə mərhələsində mövcud torpaq sahələrinin kifayət etmədiyi müəyyən olunub və tikinti üçün ayrılmış ərazinin genişləndirilməsi qərara alınıb. Bunun üçün layihəyə əlavə iki daşınmaz əmlak da daxil edilib.
Bildirilib ki, sözügedən əmlakların alınması üçün hər iki ölkə tərəfindən maliyyə vəsaiti ayrılıb. Prosesdə Gürcüstan tərəfinin də milyonlarla dollar həcmində investisiya ilə iştirak etdiyi vurğulanır.
Sərəncama əsasən, alınması planlaşdırılan əmlaklar “İtaliya həyəti” tipli yaşayış sahəsində yerləşir və burada ümumilikdə 24 mülkiyyətçi qeydiyyatdan keçib. 24 mart 2026-cı il tarixinə olan məlumata görə, onlardan 13-ü ilə razılıq əldə olunub və əmlakları könüllü şəkildə satın alınıb. Razılıq əldə edilməyən 5 mülkiyyətçinin əmlakının isə müsadirə olunacağı bildirilir.
Sənəddə həmçinin qeyd edilir ki, vətəndaşlar sərəncamın dərc edildiyi və ya rəsmi bildiriş aldıqları gündən etibarən bir ay ərzində apellyasiya şikayəti vermək hüququna malikdirlər.