Hökumət 50 yeni lokomotiv və 1500 vaqonun alınmasını planlaşdırır.
Aktual.ge xəbər verir ki, müvafiq açıqlamanı Baş nazir İrakli Kobaxidze hökumət iclasında edib.
“Gürcüstan Dəmir Yolları 2026–2028-ci illər üçün inkişaf üzrə fəaliyyət planı hazırlayıb. Bu plana əsasən, biz 50 yeni lokomotiv, həmçinin 1500 yeni vaqon alacağıq. Eyni zamanda müasir dəmir yolu sistemlərini tətbiq edəcəyik ki, bunun nəticəsində əməliyyat prosesləri yaxşılaşacaq və Gürcüstan dəmir yollarının buraxılış qabiliyyəti iki dəfə artacaq. Bundan əlavə, 10 yeni sərnişin qatarı alacağıq. Nəticədə bütün magistral reyslər yeni qatarlarla həyata keçiriləcək. Sərnişindaşıma həm vətəndaşlarımız, həm də ölkəmizin qonaqları üçün daha komfortlu və sürətli olacaq. İllik sərnişin daşınması göstəricisi 2 milyondan 5 milyona qədər artacaq.
Bundan əlavə, dəmir yoluna Tbilisi–Kutaisi istiqaməti əlavə olunacaq. Avqust ayında Tbilisi–Batumi dəmir yolunun reabilitasiyası başa çatacaq və nəticədə səyahət müddəti 5,5 saatdan 4 saata enəcək. Tbilisidən Batumiyə səfər müddəti 1,5 saat azalacaq.
Həmçinin avqust ayında Tbilisi–Axaltsixe dəmir yolunun reabilitasiyası tamamlanacaq və nəticədə 2009-cu ildən ləğv edilmiş bu reys bərpa olunacaq. Səyahət müddəti əvvəlki 6 saatdan 3 saata enəcək. Yəni Tbilisi–Axaltsixe istiqamətində hərəkət vaxtı iki dəfə azalacaq”, - deyə İrakli Kobaxidze bildirib.