Tsalkada karantin elan olunub.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Qida Agentliyi məlumat verib.
Agentliyin bildirdiyinə görə, quduzluq xəstəliyinə yoluxmuş tülkünü dörd sahibsiz it parçalayaraq öldürüb və vəhşi heyvanın patoloji materialında quduzluq aşkarlanıb.
“Məlumat üçün bildiririk ki, cari ilin 6 aprel tarixində Kənd Təsərrüfatı Dövlət Laboratoriyası Tsalka bələdiyyəsində (ünvan: Tsalka şəhəri, Tamar Mepe küçəsi №132 yaxınlığı) vəhşi heyvanın (tülkü) patoloji materialında quduzluq faktını təsdiqləyib.
Milli Qida Agentliyinin Kvemo Kartli departamentinin inspektorunun araşdırması nəticəsində müəyyən edilib ki, quduzluq xəstəliyinə yoluxmuş tülkünü dörd sahibsiz it parçalayaraq öldürüb.
Xəstəliyin yayılmasının lokallaşdırılması və aradan qaldırılması məqsədilə Kvemo Kartli üzrə dövlət nümayəndəsinin sərəncamı ilə yoluxmuş ərazidə və risk zonasına daxil olan sahələrdə karantin elan edilib və karantin tədbirlərinə başlanılıb – infeksiya ocağının dezinfeksiyası, xəstəliyə həssas heyvanların vaksinasiya olunması, heyvanların hərəkətinə nəzarət, quduzluğa şübhəli heyvanların izolyasiyası və sığınacaqlara yerləşdirilməsi”, – deyə açıqlamada bildirilir.
Agentliyin məlumatına görə, cari il ərzində ölkə üzrə laborator şəkildə təsdiqlənmiş 3 quduzluq halı qeydə alınıb.
“Milli Qida Agentliyi hər il quduzluğa qarşı pulsuz vaksinasiya aparır və 300 minə yaxın ev heyvanını (it və pişiklər) peyvənd edir.
Quduzluğun qarşısının alınması və risklərin minimuma endirilməsi məqsədilə agentlik əhaliyə müraciət edərək, ev heyvanlarını (it və pişikləri) hər il quduzluğa qarşı peyvənd etdirməyə çağırır. Beynəlxalq təcrübə və araşdırmalar göstərir ki, sahibsiz və küçə itlərinin sayına nəzarət və onların vaksinasiya olunması xəstəliyin yayılmasının azalmasında və tam aradan qaldırılmasında mühüm rol oynayır”, – deyə məlumatda qeyd olunub.