Son dəqiqə məlumatına görə, Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılov barəsində Marneuli bələdiyyəsində baş vermiş qrup halında sağlamlığa zərər yetirmə faktı üzrə həbs qətimkan tədbiri seçilib.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, müvafiq qərarı Marneuli Magistr Məhkəməsinin hakimi Qvança Çikovani verib.
Məlumata görə, ittiham tərəfi 100 min lari girov təqdim etsə də, qəbul edilməyib.
Növbəti məhkəmə prosesi may ayının 19-u Bolnisi Rayon Məhkəməsində baş tutacaq.
Nə baş verib?
İlk olaraq hüquq müdafiəçisi Samirə Bayramova aprelin 6-da sosial şəbəkə hesabında məlumat paylaşıb ki, sahibkarlardan biri çörəyin qiymətini artırmadığına görə mer Daur İsmayılovun qardaşı və ətrafındakı şəxslər tərəfindən amansızcasına döyülüb. Hadisədən sonra Daxili İşlər Nazirliyi (DİN) yerli mətbuata [Kənan İsmayılovun] saxlanıldığını və hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı (Zorakılıq) maddəsi ilə istintaq başladıldığını bildirib.
Bu gün, 8 aprel tarixində isə Gürcüstan Baş Prokurorluğu rəsmi saytında qeyd olunub ki, hadisə ilə bağlı istintaqın Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi (qrup halında sağlamlığa qəsdən yüngül zərər vurma) ilə davam etdirilir.