Gürcüstanda hər ikinci şəxsin krediti var, onların 10 faizi isə “qara siyahı”dadır
10.04.2026 12:40
647
Siyasət
A
Gürcüstanda hər ikinci şəxsin krediti var, onların 10 faizi isə “qara siyahı”dadır

Gürcüstanda faktiki olaraq hər ikinci vətəndaşın kredit borcu var, hər onuncu şəxs isə kredit ödənişlərini gecikdirir.

Aktual.ge xəbər verir ki, bu barədə “Kreditinfo Gürcüstan”ın 2026-cı ilin mart ayına dair son statistik məlumatlarında qeyd olunub.

Məlumata əsasən, ölkədə kreditlər üzrə gecikmə səviyyəsi əhalinin 10,1%-ni təşkil edir.

2026-cı il martın 31-nə olan vəziyyətə görə, Gürcüstanda 1 984 700 nəfərin kredit borcu var. Onlardan 372 477 nəfərin ödənişlərində 30 gündən artıq gecikmə qeydə alınıb. Bu isə “Sakstat”ın son məlumatına əsasən 3 704 506 nəfər olan ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil edir.

Statistikaya görə, 30 gündən çox gecikməsi olan şəxslərin sayı son bir ildə 7 068 nəfər artıb, son bir ayda isə 1 182 nəfər azalıb. Müqayisə üçün qeyd edək ki, 2026-cı ilin fevral ayının sonunda bu göstərici 373 659 nəfər, 2025-ci ilin martında isə 365 409 nəfər olub.

Eyni zamanda, 2026-cı il martın 31-nə olan vəziyyətə əsasən, kredit borcunu ödəyə bilməyənlərdən 101 026 nəfər kommersiya banklarının müştərisidir, 301 330 nəfər Milli Bank tərəfindən tənzimlənən digər maliyyə institutlarının (mikromaliyyə və kredit təşkilatları) borcalanlarıdır, 4 548 nəfər isə digər təşkilatlar – tikinti şirkətləri, distribyutorlar, lizinq şirkətləri və s. qarşısında borcludur.

Gecikmiş kreditlər üzrə ümumi qalıq borc 2,933 milyard lari təşkil edir ki, bu da maliyyə sektoru tərəfindən verilmiş ümumi kredit portfelinin 3,8%-nə bərabərdir.

Ümumilikdə isə, “Kreditinfo Gürcüstan”ın məlumatına görə, ölkədə verilmiş kreditlərin ümumi həcmi 77,2 milyard larini ötür.

ŞƏRH YAZ
10