İslamabadda 21 saatlıq tarixi görüş! ABŞ və İran qərarını açıqladı
12.04.2026 09:28
967
Dünya
A
İslamabadda 21 saatlıq tarixi görüş! ABŞ və İran qərarını açıqladı

Dünyanın diqqəti 21 saatdır Pakistanın paytaxtı İslamabad üzərində idi, lakin gözlənilən sülh xəbər gəlmədi. 

Aktual.ge xəbər verir ki, ABŞ-ın vitse-prezidenti JD Vance bildirib: "Ölkəmizə razılaşma olmadan qayıdırıq, İran şərtlərimizi qəbul etməməyi seçdi". İran isə ABŞ-ın həddindən artıq tələbləri səbəbindən razılaşma əldə olunmadığını açıqlayıb.

ABŞ vitse-prezidenti, ümumilikdə 21 saat davam etdiyi bildirilən birbaşa danışıqlardan sonra jurnalistlərə açıqlama verib.

O deyib: “21 saatdır bu məsələ üzərində işləyirik və iranlılarla bir sıra mühüm görüşlər keçirmişik. Bu yaxşı xəbərdir. Pis xəbər isə razılaşmaya nail ola bilməməyimizdir. Məncə, bu, ABŞ-dan çox İran üçün pis xəbərdir. Buna görə də razılaşma olmadan ABŞ-a geri qayıdırıq”.

Vance vurğulayıb ki, İran nüvə silahı ilə bağlı tələb olunan öhdəliyi verməyib: “Reallıq budur ki, biz İranın nüvə silahı əldə etməyəcəyinə və buna imkan verəcək vasitələri axtarmayacağına dair qəti öhdəlik görməliyik. İranın uzunmüddətli perspektivdə nüvə silahı hazırlamayacağına dair əsaslı təminat varmı? Hələ ki, bunu görməmişik”.

ABŞ olaraq əsas tələblərini açıq şəkildə ortaya qoyduqlarını, lakin İranın “bu şərtləri qəbul etməməyi seçdiyini” deyən Vance, ABŞ prezidenti Donald Trump ilə dəfələrlə telefon danışığı apardıqlarını qeyd edib. O əlavə edib: “Buradan çox sadə bir təkliflə, son və ən yaxşı təklifimiz olan razılaşma mətni ilə ayrılırıq. İranın bunu qəbul edib-etməyəcəyini görəcəyik”.

İran mediasında isə İslamabadda Tehran-Vaşinqton danışıqlarında ortaq çərçivə və razılaşmanın əldə olunmamasının səbəbi kimi ABŞ-ın həddindən artıq tələbləri göstərilib. İran dövlət televiziyası Pakistanın paytaxtı İslamabadda keçirilən İran–ABŞ danışıqlarının başa çatdığını bildirib.

Bildirilir ki, təxminən 21 saat davam edən danışıqlarda xüsusilə Hürmüz boğazı məsələsi və nüvə materiallarının ölkə xaricinə çıxarılması kimi mövzularda razılıq əldə olunmayıb. İran nümayəndə heyətinin müxtəlif təşəbbüslərlə ABŞ tərəfini ortaq çərçivəyə yönləndirməyə çalışdığı, lakin ABŞ-ın sərt tələblərinin buna mane olduğu iddia edilir.

İranın Fars Xəbər Agentliyi məlumatına görə, hazırda İranın ABŞ-la əlavə danışıqlar aparmaq planı yoxdur. Danışıqlar 21 saat davam edib və 1979-cu ildən bəri ABŞ ilə İran arasında keçirilən ilk birbaşa görüşlər olub. Belə görünür ki, ABŞ–İran danışıqları uğursuzluqla nəticələnib.

ŞƏRH YAZ
5