Sosial yardım alanların sayısı azalıb
17.04.2026 17:00
352
Siyasət
A
Sosial yardım alanların sayısı azalıb

Sosial Xidmət Agentliyinin məlumat bazasına əsasən, 2026-cı ilin mart ayına olan vəziyyətə görə, ötən ilin eyni dövrü ilə müqayisədə yoxsulluq həddindən aşağı yaşayan əhalinin sayı təxminən 6% azalıb.

Aktual.ge xəbər verir ki, agentliyin məlumatlarına görə, 2026-cı ilin mart ayı üzrə ümumilikdə 667 793 nəfər sosial yardım alırdı. Ötən ilin eyni dövründə isə bu göstərici 708 017 nəfər təşkil edirdi.

Milli Statistika Xidmətinin məlumatına görə, hazırda Gürcüstanda 3 704 500 nəfər yaşayır. Buna əsasən, ölkədə hər 6 nəfərdən biri sosial yardım alır. Statistikaya görə, hesabat dövründə sosial yardım alanların sayına görə yenə də Tbilisi liderdir ki, bu da əhalinin sayını nəzərə aldıqda məntiqlidir. İkinci yerdə isə Kvemo Kartli gəlir.

Daha ətraflı olaraq, regionlar üzrə sosial yardım alanların sayı belə bölünür:

Tbilisi – 147 948 nəfər;
Kvemo Kartli – 107 587 nəfər;
İmereti – 78 224 nəfər;
Sameqrelo-Zemo Svaneti – 76 121 nəfər;
Acara  – 68 129 nəfər;
Kaxeti – 62 776 nəfər;
Şida Kartli – 52 553 nəfər;
Quriya – 25 334 nəfər;
Samtsxe-Cavaxeti – 19 225 nəfər;
Mtsxeta-Mtianeti – 17 515 nəfər;
Raça-Leçxumi və Kvemo Svaneti – 12 381 nəfər.

Qeyd edək ki, statistikaya dövlət məşğulluq proqramından istifadə edən şəxslər də daxildir. Əgər bir ailədən ən azı bir üzv “Məşğulluğun təşviqi dövlət proqramı”nda iştirak edirsə, ailənin bəyannaməsində qeyd olunan bütün üzvlər (yetkinlik yaşına çatmayanlar daxil olmaqla) 4 il ərzində fasiləsiz şəkildə “Sosial cəhətdən həssas ailələrin vahid məlumat bazası”nda qeydiyyatda qalır və “sosial yardım” alma hüququnu saxlayır.

Lakin hökumətin qərarı ilə məşğulluq proqramları 2026-cı ilin büdcəsində artıq nəzərdə tutulmayıb. Buna görə də gələcəkdə davam etdirilməyəcək.

ŞƏRH YAZ
5