Rəsmi Tehran ABŞ-ın həddindən artıq tələbləri, real olmayan gözləntiləri və daim dəyişən mövqeyi səbəbilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib.
Aktual.ge xəbər verir ki, bu barədə İranın yarı rəsmi "Tasnim" agentliyi məlumat yayıb.
Bundan əvvəl, ABŞ prezidenti Donald Tramp İranla danışıqlar aparmaq üçün Pakistana nümayəndə heyəti göndərdiklərini açıqlayıb, üstəlik Tehrana qarşı təhdidlər də səsləndirib.
Tramp deyib: “İran atəşkəsi ciddi şəkildə pozub, amma mən yenə də sülh razılaşmasının əldə edilə biləcəyini düşünürəm. Biz çox ədalətli və ağlabatan bir təklif, təklif edirik və ümid edirəm ki, onlar bunu qəbul edəcəklər”.
İranın rəsmi dövlət agentliyi IRNA bildirib ki, İran hökuməti danışıqların ikinci turunda iştirak etməyi rədd edib. Məlumata görə, Tehran bu qərarı ABŞ-ın həddindən artıq tələbləri, real olmayan gözləntiləri, davamlı dəyişən mövqeyi və atəşkəsin pozulması kimi qiymətləndirilən davam edən dəniz blokadası səbəbilə qəbul edib.
Digər tərəfdən, İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın İran gəmilərinə qarşı tətbiq etdiyi blokada aradan qaldırılana qədər Hörmüz boğazının bağlı qalacağını bildirib. Həmçinin qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin İran gəmilərinə hücum edəcəyi təqdirdə "ağır zərbə" alacağı və xəbərdarlıqlara məhəl qoymayan gəmilərin hədəfə alınacağı barədə ultimatum verilib.