Casusluq ittihamı ilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan şəxs Giorgi Udzilauridir.
Aktual.ge xəbər verir ki, bu barədə "Rustavi2" telekanalı məlumat yayıb.
Məlumata görə, Udzilauri bu vaxta qədər Maliyyə Nazirliyinin İstintaq Xidmətinin bir idarəsinin rəisi olub və Avropa ölkələrindən birinin xeyrinə casusluq edib.
Qeyd edək ki, DTX tərəfindən casusluqda ittiham edilən Giorgi Udzilauri bir neçə il əvvəl Bidzina İvanişvilinin "Cartu Group"un ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edirmiş.
Məlumat üçün bildirək ki, DTX-nın məlumatına əsasən, son bir neçə ay ərzində intensiv şəkildə həyata keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində casusluq, konkret olaraq xarici ölkənin xüsusi xidmət orqanlarının əməkdaşlarının tapşırığı ilə məlumatların toplanması və ötürülməsi ittihamı ilə Gürcüstanın bir vətəndaşı saxlanılıb. Bu barədə DTX rəhbərinin birinci müavini Laşa Mağraze bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, müxtəlif, o cümlədən gizli istintaq hərəkətləri nəticəsində əldə edilən sübutlar göstərir ki, dövlət qurumlarından birində yüksək vəzifədə çalışan məmur ölkənin maraqlarına zidd olaraq, hazırkı və əvvəlki vəzifə imkanlarından, eləcə də müxtəlif qurumlarda olan şəxsi əlaqələrindən istifadə etməklə xarici ölkə xüsusi xidmət orqanlarının xeyrinə sistemli şəkildə məlumat toplayıb və onları ötürüb.