Qardabanidə baş verən və 7 nəfərin həyatına son qoyan qəza ilə bağlı yeni detallar məlum olur.
Aktual.ge xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, həlak olanlar demək olar ki, eyni yaşda - 18 yaşlı gənclər olub.
“Qəza mənim evimin yaxınlığında baş verdi. Onlar mənim qonşularım idi. Hamısı yaxşı, tərbiyəli gənclər idi. Yüksək sürətlə hərəkət edirdilər və buna görə belə oldu. Demək olar hamısı yaşıd idi — 18 yaşlılar. Birlikdə məşq edirdilər. Onlardan biri mənim övladıma boks öyrədirdi. Həlak olanlardan 2-si qardaş idi”, — deyə yerli sakin müsahibəsində bildirib.
Qəza bu gün səhər saatlarında baş verib. Nəticədə 7 nəfər həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb.
Daxili İşlər Nazirliyində bildirilib ki, faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 276-cı maddəsinin səkkizinci hissəsi ilə aparılır. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur ki, bu da iki və ya daha çox şəxsin ölümünə səbəb olub.