Saakaşvili həbsxanadakı vəziyyətdən yazdı: “Sanitar vəziyyət fəlakətli şəkildə pisləşib”
08.10.2026 16:02
621
Siyasət
A
Saakaşvili həbsxanadakı vəziyyətdən yazdı: “Sanitar vəziyyət fəlakətli şəkildə pisləşib”

"Zorakılıqdan başqa, həbsxanalarda bir çox digər problemlər də var: sanitar vəziyyət pisləşib, qidaların əksəriyyəti sadəcə yeyiləsi deyil, üstəlik artıq kənardan da ərzaq gətirməyə icazə verilmir. Bu yaxınlarda 'fleşka'larla videofilmlərin gətirilməsi də qadağan edilib".

Aktual.ge xəbər verir ki, bunları Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb.

“Zorakılıqdan başqa, həbsxanalarda bir çox digər problemlər də var. Artıq 5 ildən çoxdur ki, əsirlikdəyəm və müşahidələrimi, təcrübəmi sizinlə bölüşə bilərəm.

Bu illər ərzində ‘Milli Hərəkat’ dövründə tikilmiş və normal vəziyyətdə olan həbsxana binalarının vəziyyəti baxımsızlıq səbəbindən kəskin şəkildə pisləşib. Sanitar vəziyyət, xüsusilə son 2-3 ildə, çox pisləşib. Görünür, bunun səbəbi korrupsiyanın daha da artmasıdır. Son 2 ildə qidanın keyfiyyəti fəlakətli şəkildə pisləşib. Ərzaqların əksəriyyəti sadəcə yeyiləsi deyil. Bununla yanaşı, artıq kənardan da ərzaq gətirmək mümkün deyil. Əvvəllər bağlamaların gətirilməsi hər gün mümkün idisə, indi bu, yalnız ayda iki dəfə mümkündür.

Bu yaxınlarda ‘fleşka’larla videofilmlərin gətirilməsi də qadağan edilib. Halbuki bunlar məhbusların vaxt keçirməsi üçün imkan yaradırdı.

Şevardnadzenin dövründə ədliyyə naziri olmuşam və o vaxtkı həbsxanaların necə dəhşətli vəziyyətdə olduğunu xatırlayıram. Daha sonra onları uçurduq və yenilərini tikdik. Hətta 2012-ci ilə qədər Norveç standartlarına uyğun böyük penitensiar müəssisələrin tikintisinə başlamışdıq. ‘Gürcü Arzusu’ bunları dayandırdı. Bunun əvəzində mövcud müəssisələrə yeni korpuslar əlavə etdilər.

Məsələn, hazırda olduğum Rustavi həbsxanasına yeni hissə əlavə etdilər və bir ay əvvəl həbsxanada çat əmələ gəldi. Köhnə hissə ilə ‘Gürcü Arzusu’nun əlavə etdiyi hissə arasında böyük çat yaranıb və dəhlizdə hərəkət edərkən hər dəfə onun üzərindən keçməli oluram.

Xüsusilə son vaxtlar bir çox mənasız məhdudiyyətlər tətbiq edilib. Mən onlara tabe olmuram və olmayacağam, başqalarını da buna çağırıram. Bunların barmağını sizə keçirməsinə imkan verməyin. Səsinizi daha da uca çıxarın! Onsuz da bundan pis vəziyyət olmayacaq.

Mən şəxsən hər şeyə çox yüksək səslə etiraz edirəm. Xalq Müdafiəçisi institutu praktiki olaraq artıq mövcud olmadığına görə, həbsxanalara mütəmadi olaraq ictimai təşkilatların nümayəndələri və məhbusların ailə üzvlərindən ibarət komissiyanın buraxılmasını tələb etmək çox vacibdir. Onlara məhbuslarla söhbət etmək, tətbiq olunan məhdudiyyətlərin səbəbləri ilə tanış olmaq və mənasız məhdudiyyətlərdən şikayət etmək, ‘UDО’nun ədalətli şəkildə tətbiqi məsələsini qaldırmaq, qidanın keyfiyyətinə və sanitar vəziyyətə özlərinin nəzarət etməsi imkanı verilməlidir. Həmçinin həbsxana administrasiyasının korrupsiyaya görə məsuliyyəti məsələsi də qaldırılmalıdır.

Bütün bunları mənə şəxsi təcrübəm və burada kənardan öyrənə bilməyəcəyim şeyləri öyrənməyim deyir. Eyni zamanda bütün bunları nəzərə alıram ki, həbsxanada günahsız yerə düşmüş insanlarla yanaşı, məhbusların əksəriyyətini əsl cinayətkarlar təşkil edir. Onlardan geniş ictimaiyyəti qorumaq zəruridir, lakin bu, sivil və humanist çərçivədə həyata keçirilməlidir.

Ümumiyyətlə, çox düşündükdən sonra belə qənaətə gəldim ki, həbsxanalardakı məhbusların sayı ən azı iki dəfə azaldılmalıdır. Bu şərtlə ki, təhlükəli cinayətkarlar azadlığa buraxılmasın və həbsxanalara qayıtmış ‘oğru’ subkulturası yenidən neytrallaşdırılsın.

‘Gürcü Arzusu’nun hakimiyyəti dövründə cinayətkarlığın yenidən həbsxanalardan idarə edildiyini görmək dözülməzdir” , - deyə o, qeyd edib.

ŞƏRH YAZ
1