Faxralıda 20 Yanvar şəhidinin məzarı təmir olunur
Kvemo Kartli bölgəsinin Bolnisi rayonunun Faxralı kəndində yerləşən 20 Yanvar şəhidi İlqar Əhmədovun məzarı Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə təmir olunur.
Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev şəhidin anası Nigar Əhmədova ilə görüşdə bildirib.
Diplomatın sözlərinə görə, artıq məzarın və ətrafdakı qəbirlərin hasarları rənglənib: "Təmir-bərpa işləri çərçivəsində sinə daşı, hasarın dam örtüyü də yenilənəcək və məzara aparan cığıra daş örtüyü düzüləcək".
F.Quliyev qeyd edib ki, təmir işlərinin şəhidin doğum günü - mayın 25-dək başa çatdırılması planlaşdırılıb.
Səfir, səfirlik əməkdaşları, kənd sakinləri, məktəblilər İ.Əhmədovun məzarını ziyarət ediblər. Şəhidin ruhuna dualar oxunub, məktəblilər 20 Yanvar mövzusunda şeirlər söyləyiblər.
Şəhidin ailə üzvləri ziyarətə və məzarın təmirinə görə səfirliyə minnətdarlıq ifadə ediblər.