Bankdan yarım milyon dolları götürüb qaçan Badri Esebua saxlanılıb - VİDEO
08.02.2023 11:36
693
Kriminal
A
Bankdan yarım milyon dolları götürüb qaçan Badri Esebua saxlanılıb - VİDEO

Gürcüstanda banka hücum edərək 43 nəfəri girov götürən və yarım milyon dollarla ərazidən uzaqlaşan soyğunçu Badri Esebua uzun axtarışlardan sonra saxlanılıb.

Aktual.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, 21 oktyabr 2020-ci il tarixində Zuqdididə “Bank of Georgia” filialına hücuma görə Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilən şəxs - 1988-ci il təvəllüdlü B.E. saxlanılıb.

"Sameqrelo-Zemo Svaneti Polisi, Mərkəzi Kriminal Polis və Xüsusi Əməliyyat İdarələrinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi, saxlanması, o cümlədən terror kimi aktları törətmək və terrorçuluq məqsədilə vətəndaşları girov götürmək ittihamı ilə 2020-ci ildən axtarışda olan B.E. Sameqreloda saxlanılıb" , - deyilən məlumatda bildirilib ki, onu 15 ilə qədər həbs cəzası gözləyir.

"İstintaqla müəyyən edilib ki, 21 oktyabr 2020-ci il tarixdə odlu silah və əl qumbarası ilə silahlanmış B.E. Zuqdidi şəhərində “Bank of Georgia”nın Zviad Qamsaxurdiya prospektində yerləşən filialına soxularaq oradakı insanları girov götürüb. Hücum edən şəxsin bank filialına daxil olması barədə bildiriş daxil olduqdan dərhal sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər edilib və fövqəladə əməliyyat-istintaq tədbirlərinə başlanılıb. Polisin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində girovlar azad edilib. Günahkar isə qaçaraq gizlənib", - DİN-in məlumatında bildirilir.

Qeyd edək ki, hadisə 2020-ci il oktyabrın 21-də baş verib. Zuqdidi şəhərindəki “Bank of Georgia”nın filialına hücum edən Badri Esebua 43 nəfəri saatlar boyunca girov götürüb və onların azadlığa buraxılması müqabilində yarım milyon dollar tələb edib. Qarətçi tələb etdiyi pulu aldıqdan sonra bir neçə girovu da özü ilə götürərək ərazidən uzaqlaşıb və onları daha sonra sərbəst buraxıb. İnsident zamanı xəsarət alan olmayıb.

ŞƏRH YAZ
3