Gürcüstanda LGBT təbliğatı və cinsiyyətin dəyişdirilməsi qadağan edildi
17.09.2024 15:57
584
Siyasət
A
Gürcüstanda LGBT təbliğatı və cinsiyyətin dəyişdirilməsi qadağan edildi

Gürcüstan Parlamenti sonuncu oxunuşda LGBT təbliğatını və cinsiyyətinin dəyişdirilməsini qadağan edən qanun layihəsini təsdiqləyib.

Aktual.ge xəbər verir ki, müxalifətin boykot etdiyi Parlamentin plenar iclasında “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsi çoxluğun 84 səsi ilə qəbul edilib.

“Cəmiyyətimizin maraqlarını bu qədər əhatəli şəkildə əks etdirən “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsi kimi bir təşəbbüsə nadir hallarda rast gəlinir”, - hakim “Gürcü Arzusu” Partiyasından olan deputat Rati İonatamişvili bildirib.

Qanun imzalanması üçün Prezident Salome Zurabişviliyə göndəriləcək.

 “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun nələri özündə əks etdirir?

Qanunvericilik paketi 19 maddədən ibarətdir. Onların əsasını “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” layihə təşkil edir, qalan 18 isə ondan irəli gələn maddələrdir.

Qanunvericilik paketi bir sıra qadağalar və məhdudiyyətlər nəzərdə tutur. Parlament tərəfindən qəbul edilən qanun layihəsi ilə aşağıdakı məsələlər tənzimlənir:

Nikahın alternativ ittifaqı və ya ailə qurmaq məqsədilə Gürcüstan qanunvericiliyi ilə nikah üçün müəyyən edilmiş şərtlərə zidd olan belə bir ittifaqın qeydiyyatı və ya hüquqi aktla tanınması qadağan edilir. Xaricdə qeydiyyatdan keçmiş və tanınmış belə bir ittifaqın Gürcüstanda hüquqi qüvvəsi olmayacaq.

Layihəyə əsasən, öz bioloji cinsindən fərqli cinsə aid olan və ya cinsi oriyentasiyası heteroseksuallığa aid olmayan şəxslər arasında cinsi əlaqənin qeydiyyatı və ya hüquqi aktla tanınması qadağandır. Xaricdə tanınmış və ya qeydiyyata alınmış belə münasibətlərin Gürcüstanda hüquqi qüvvəsi olmayacaq.

Qanun layihəsinə görə, öz bioloji cinsindən fərqli cinsə aid olan və ya cinsi oriyentasiyası heteroseksuallığa aid olmayan şəxsin azyaşlını övladlığa götürməsi qadağandır. Eyni zamanda, öz bioloji cinsindən fərqli cinsə aid olan və ya cinsi oriyentasiyası heteroseksuallığa aid olmayan şəxsin azyaşlını himayəyə götürməsi qadağan edilir.

Bir şəxsin öz bioloji cinsindən fərqli cinsə aid olmaq məqsədilə digərinə cərrahi əməliyyat və ya digər tibbi manipulyasiya tətbiq etməsi qadağan edilir.

Qanun layihəsində həmçinin deyilir ki, şəxsiyyət vəsiqəsində və ya dövlət tərəfindən verilən digər sənəddə şəxsin öz bioloji cinsindən fərqli cinsin qeyd edilməsi qadağandır.

Erkən təhsil, məktəbəqədər təhsil, ümumi təhsil müəssisəsi, peşə təhsili müəssisəsi/kollec və ya ali təhsil müəssisəsinin təhsil proqramına insanın öz bioloji cinsindən fərqli cinsə aid olduğunu təbliğ edən məlumatların daxil edilməsi və ya həmin müəssisənin işçisinin bu məlumatları yayması və ya yayılmasına kömək etməsi qadağandır.

Bu qadağa yayımçılara da şamil ediləcək. Layihəyə əsasən, şəxsin öz bioloji cinsindən fərqli cinsə aid olduğunu təbliğ edən məlumatların yayılması, eləcə də eyni bioloji cinsə malik şəxslər arasında cinsi əlaqə və ya insest təbliğatı qadağan ediləcək. Bu qadağa yaradıcılıq əsərinin yayımı zamanı yalnız eyni bioloji cinsə malik şəxslər arasında cinsi əlaqənin təsvir olunduğu səhnələrin yayımı ilə bağlı tətbiq edilir. Qadağanın pozulması halında yayımçı məsuliyyət daşımır, əgər belə məlumatların yayımı üzərində faktiki nəzarəti həyata keçirməyibsə.

Qanun layihəsinə əsasən, azyaşlılara belə məlumatların (o cümlədən, yaradıcılıq əsərlərinin) birbaşa çatdırılması və ya əlçatan olması qadağandır. Bu məlumatlar insanın öz bioloji cinsindən fərqli cinsə aid olduğunu, eyni bioloji cinsə malik şəxslər arasında cinsi əlaqə və ya insest təbliğatını əhatə edir.

Layihəyə görə, belə təbliğata yönəlmiş reklamların yayımı qadağandır.

Qadağa həmçinin toplaşma və nümayişlərə də şamil ediləcək. Layihəyə əsasən, şəxsin öz bioloji cinsindən fərqli cinsə aid olduğunu, eyni bioloji cinsə malik şəxslər arasında cinsi əlaqəni və ya insesti təbliğ edən toplaşmaların və nümayişlərin keçirilməsi qadağandır.

Layihəyə görə, əmək münasibətləri çərçivəsində bioloji cinsi nəzərə almayan və ya onun gözardı edilməsinə yönəlmiş hər hansı göstəriş və ya razılaşma ləğv ediləcək.

Çoxluğun qanunvericilik paketi yuxarıda qeyd edilən tələblərin pozulması halında inzibati və cinayət məsuliyyətinin tətbiqini nəzərdə tutur.

“Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsinə əsasən, 17 may Ailə Mükəmməlliyi və Valideyn Hörmət Günü kimi elan edilir və bu gün qeyri-iş günü olacaq.

ŞƏRH YAZ
2