
Milli Qida Təhlükəsizliyi Agentliyi idxal olunan qarpız və yemişləri nitrat tərkibinə görə yoxlayıb. Nitratların miqdarı yalnız iki halda müəyyən olunmuş normanı aşıb.
Aktual.ge xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Agentlik xəbərdarlıq edib ki, nitrat miqdarı aşkarlanan məhsulların bazardan çıxarılması tapşırılıb.
"Milli Qida Təhlükəsizliyi Agentliyi istehlak bazarında mövcud olan bostan məhsulları – qarpız və yemişlərin tərkibində nitratların səviyyəsini yoxlayır. Hazırda bazarda əsasən idxal məhsulları satılır.
Dövlət nəzarəti proqramı çərçivəsində ölkə üzrə müxtəlif satış məntəqələrindən götürülmüş və akkreditə olunmuş laboratoriyada araşdırılmış 41 idxal qarpız və yemiş nümunəsi yoxlanılıb. Tədqiqat nəticələrinə görə, yalnız iki halda nitratların miqdarı qanunvericiliklə müəyyən olunmuş normanı – 90 mq/kq aşırdı. Yemiş nümunələrinin birində göstərici cüzi şəkildə normanı keçərək 98,3 mq/kq olub, digərində isə bu rəqəm 140 mq/kq təşkil edib.
Nəticə olaraq, Milli Qida Təhlükəsizliyi Agentliyi qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirib və biznes subyektinə həmin məhsulların bazardan çıxarılmasını / geri çağırılmasını tapşırıb", – məlumatda deyilir.