"Səthi təhlil belə göstərir ki, bu gün Gürcüstanda psixotrop dərmanların, xüsusilə də benzodiazepinlərin (Sinir sisteminə təsir edən, əsasən sakitləşdirici - Red.) istifadəsi məqbul səviyyəni xeyli aşır. Bu da cəmiyyətdə həmin dərmanların narkotik məqsədlərlə istifadəsinin geniş yayılmış bir praktika olduğuna dair əsaslı şübhələri gücləndirir".
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə bildirib.
Hökumət başçısının sözlərinə görə, psixotrop dərmanların qeyri-tibbi, yəni narkotik məqsədlərlə istifadəsinin qarşısını almaq üçün bu dərmanların özəl şirkətlər tərəfindən idxalı tamamilə qadağan ediləcək.
“Hazırda Gürcüstanda psixotrop dərmanların idxalını özəl subyektlər həyata keçirir. Beləliklə, bu subyektlərin psixotrop dərmanların istifadəsini süni şəkildə təşviq etməkdə birbaşa marağı var. Bu cür praktikaya maksimum son qoymaq üçün özəl şirkətlərin psixotrop dərmanları idxal etməsi tamamilə qadağan ediləcək. Xüsusi nəzarətə tabe olan dərman vasitələrinin idxalı və satışı yalnız dövlətin səlahiyyətində olacaq. Bundan əlavə, reseptlərin yazılması və dərmanların verilməsi praktikasına ciddi nəzarət tətbiq ediləcək.
Biz psixotrop dərmanların istifadəsi üzrə statistik göstəriciləri daimi rejimdə diqqətlə izləyəcəyik. Həmin statistikanın əhəmiyyətli dərəcədə azalması dövlətin psixotrop dərmanların qeyri-təyinatla istifadəsinin qarşısını uğurla aldığını göstərən şübhəsiz bir göstərici olacaq”, - deyə İrakli Kobaxidze qeyd edib.