Oxşar hallar Marneulidə də var, Azərbaycan isə heyvan bazarlarını bağlayır
20.10.2025 23:59
1263
Sağlamlıq
A
Oxşar hallar Marneulidə də var, Azərbaycan isə heyvan bazarlarını bağlayır

Azərbaycanda oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır.

"Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər" , - məlumatda deyilir.

Bildirilib ki, epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir:

"Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq".

Qeyd edək ki, Kvemo Kartli bölgəsində, xüsusilə də Marneuli rayonunda iri buynuzlu heyvanlar arasında dabaq xəstəliyinə rast gəlinir. Yoluxucu xəstəlik heyvanlarda yüksək hərarət, ağız və dırnaq nahiyələrində yaralar, yem qəbulunun azalması, arıqlama və məhsuldarlığın aşağı düşməsi ilə müşahidə olunur. Mövcud vəziyyətlə bağlı məlumatı Aktual.ge xəbər portalının sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Milli Agentliyinin Baytarlıq Departamentinin Heyvan Sağlamlığı İdarəsi rəis müavini Tengiz Çaliqava da təsdiqləyib.

ŞƏRH YAZ
0