Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan, əvvəllər məhkum edilmiş şəxsi saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində yaşayan vətəndaşa 11 000 lari müqabilində nüfuzlu əlaqələrindən istifadə edərək onun oğlunu Azərbaycan həbsxanasından azad etdirəcəyini vəd edib.
Saxlanılan şəxs tələb etdiyi pulu kişidən alaraq dələduzluq yolu ilə mənimsəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi hakimin qərarı əsasında saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - məlumatda deyilir.