Tbilisidə, İakob Qoqebaşvili küçəsində baş verən dava ilə əlaqədar iki nəfər saxlanılıb, hadisə zamanı təxminən 65 yaşlı kişi yıxılaraq başını yerə vurub və aldığı xəsarət nəticəsində həyatını itirib.
Aktual.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, münaqişə məişət zəminində yaranıb.
"DİN-in Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları bir qrup şəxs tərəfindən qəsdən sağlamlığa ağır zərər vurulması və bunun insan ölümünə səbəb olması faktı üzrə iki nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, Tbilisinin İakob Qoqebaşvili küçəsində təqsirləndirilən şəxslərlə bir kişi arasında məişət zəminində münaqişə yaranıb və bu, fiziki qarşıdurmaya çevrilib. Baş verən dava zamanı kişi hadisə yerində həyatını itirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində iki nəfəri hadisə yerindəcə təqsirləndirilən şəxs qismində saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 4-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 14 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - məlumatda deyilir.