Rustaveli prospektinin təmirini aparan şirkət yenidən cərimələnib
Bugün
13
Siyasət
A
Rustaveli prospektinin təmirini aparan şirkət yenidən cərimələnib

Tbilisidə Rustaveli prospektinin təmir işlərini həyata keçirən “Smart Solutions” şirkəti paytaxt meriyası tərəfindən növbəti dəfə cərimələnib. Bu dəfə şirkət Mtatsminda rayonunda, Çovelidze küçəsindən “Merani” ticarət mərkəzinədək olan ərazidə yol verdiyi pozuntuya görə 1 334 lari cərimə olunub.

Aktual.ge xəbər verir ki, Dövlət Satınalmaları Agentliyinin saytında noyabrın 18-də dərc olunan cərimə bildirişinə əsasən, şirkət təmir işlərini 24 saatlıq rejimdə həyata keçirmək öhdəliyini yerinə yetirməyib.

Sənəddə qeyd olunur ki, 2026-cı il noyabrın 16-da saat 23:10-da aparılan yoxlama zamanı göstərilən ərazidə təmir işlərinin gecə saatlarında davam etdirilmədiyi müəyyən edilib. Nəticədə müqavilə şərtlərinin pozulmasına görə şirkətə maliyyə sanksiyası tətbiq olunub.

Məlumata görə, “Smart Solutions” indiyədək ümumilikdə 20 dəfə cərimələnib. Tətbiq edilən cərimələrin ümumi məbləği isə 27 min larini ötüb.

Qeyd edək ki, “Smart Solutions” MMC 2015-ci ildə qeydiyyatdan keçib. Şirkətin direktorları Levan Qoqsadze və Quram Kakuadır. Müəssisənin 100 faizlik payı Levan Qoqsadzeyə məxsusdur. Şirkət cari ildə 8 dövlət satınalmasında iştirak etsə də, onların heç birində qalib olmayıb.

Xatırladaq ki, Tbilisinin mərkəzi prospekti olan Rustavelinin reabilitasiya işlərinə iyulun 23-də başlanılıb. İlkin plana əsasən, layihənin noyabrın sonunda, yəni dörd ay ərzində başa çatdırılması nəzərdə tutulub.

Layihənin ümumi dəyəri 20 milyon 487 min lari təşkil edir. İşləri tenderin qalibi “Smart Solutions” şirkəti həyata keçirir. Bununla yanaşı, səkilərin yenilənməsi üçün ayrıca tender də elan olunub. Həmin layihənin satınalma dəyəri isə 7 milyon 808 min 234 laridir.

ŞƏRH YAZ
0