Mitropolitdən açıq mesaj: “Hakimiyyət kilsə ruhuna bağlı olmalıdır”
21.11.2026 21:38
165
Siyasət
A
Mitropolitdən açıq mesaj: “Hakimiyyət kilsə ruhuna bağlı olmalıdır”

"Mən dəfələrlə mərhum, Tanrının rəhmətinə qovuşmuş Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın kədərlə belə dediyinin şahidi olmuşam: 'Niyə məndən məsləhət almırlar, niyə mənimlə söhbət etmirlər? Ölkədə Milli Təhlükəsizlik Şurası var. Bəs niyə mən həmin Şuranın üzvü deyiləm? Məgər mənim də ölkəyə ürəyim onlarınkından az yanır? Mən ölkənin gələcəyinə, mövcud vəziyyətinə görə çox narahatam'. Bunu təkcə mənə deməyib. Orada başqa insanlar da olub və onlar da bu sözləri eşidiblər". 

Aktual.ge xəbər verir ki, bunu Mroveli-Urbneli mitropoliti İob (Akişvili) moizə zamanı bildirib.

Mitropolitin sözlərinə görə, o, yeddi il Katolikos-Patriarx II İliyanın köməkçi yepiskopu (xor yepiskopu) olub, ona yaxın insanlardan biri sayılıb və ondan çox şey eşidib.

O mövcud hakimiyyətdən də danışaraq bildirib ki, onun arzusu və tələbi "Hakimiyyətin kilsə ruhuna bağlı olmasıdır".

"Bütün ümid və pənahımızı Allaha yönəltməliyik. Xalqımızın həyatı bir möcüzədir. Bu günə qədər gəlib çatmağımızın özü böyük möcüzədir. İnanıram ki, gələcəkdə Gürcüstan daha da güclənəcək. Hakimiyyət kilsə ruhuna bağlı olarsa, bunun çox böyük nəticələri olacaq.

Dünyəvi və dini hakimiyyətin birləşməsi, bu iki qüvvənin Məsihdə bir araya gəlməsi Gürcüstanın böyük qələbəsidir. Necə ki, bu, Çar Davidin və Çariça Tamarın dövründə olmuşdu. Tariximizdə bunun nümunələri var.

 

Mən diqqəti məhz buna yönəldirəm. Bu, sadəcə mənim tələbim deyil, arzumdur, hətta demək olar ki, tələbimdir: 'hakimiyyətimiz kilsə ruhuna bağlı olsun'. Mən bunun üçün dua edirəm. Böyük güc də məhz bundadır.

Aydındır ki, bütün dünya demokratiyaya doğru irəliləyir və hər şeyin xalq tərəfindən idarə olunmasını istəyir. Lakin biz başqa ölkəyik. Biz Tanrı Anasının (Müqəddəs Məryəmin) himayəsinə düşmüş ölkəyik. Dünyanın qarşısında üzərimizə başqa bir missiya qoyulub.

Burada xalq və ruhanilər bir yerdə olmalıdır" , – deyə mitropolit İob moizə zamanı deyib.

ŞƏRH YAZ
0