“Borçalı kiminsə siyasi ambisiyalarının mövzusu deyil!” | Hacı Anar Nurməmmədov
21.11.2026 13:13
870
Siyasət
A
“Borçalı kiminsə siyasi ambisiyalarının mövzusu deyil!” | Hacı Anar Nurməmmədov

"Özünü politoloq kimi təqdim edən bir şəxsin Borçalı elinin ünvanına səsləndirdiyi ifadələr, ilk növbədə, onun siyasi düşüncə mədəniyyəti, tarixi hadisələrə yanaşması və ictimai məsuliyyət anlayışı barədə ciddi suallar doğurur. Siyasətçi olmaq iddiasında olan şəxs anlamalıdır ki, siyasi təhlil emosional ittihamlardan, şəxsi qərəzdən və bütöv bir xalqı hədəfə almaqdan ibarət deyil. Politoloqun əsas vəzifəsi cəmiyyəti məlumatlandırmaq, faktlara əsaslanmaq və obyektiv mövqe ortaya qoymaqdır. Tarixi həqiqətləri bilmədən, yaxud bilərəkdən təhrif edərək bütöv bir el haqqında hökm vermək nə elmi yanaşmadır, nə də siyasi mədəniyyət".

Aktual.ge xəbər verir ki, bu sözlərlə ictimai və dini fəal Hacı Anar Nurməmmədov azərbaycanlı politoloq Mübariz Əhmədoğlunun müvafiq sözlərinə cavab verib.

"Borçalı kiminsə siyasi ambisiyalarını nümayiş etdirmək üçün istifadə edəcəyi mövzu deyil! 

Borçalı əsrlərin sınağından keçmiş, öz milli kimliyini, dilini, adət-ənənələrini və Gürcüstan dövlətçiliyinə bağlılığını qoruyub saxlamış böyük bir eldir. Bu elin tarixində yalnız söz deyil, əməl, yalnız iddia deyil, fədakarlıq var.

Azərbaycanın 44 günlük 'Vətən' müharibəsinə gəldikdə isə, Gürcüstan azərbaycanlıları əllərindən gələn dəstəyi sərgiləyib, bu haqda nə yazmağa, nə də danışmağa vaxt yetməz.

İndi kimsə hansı siyasi mövqedən çıxış etməsindən asılı olmayaraq, bu tarixi irsi görməzdən gələrək Borçalıya dil uzadırsa, bilməlidir ki, qarşısında sadəcə bir coğrafi ad deyil, böyük bir xalqın yaddaşı, şəhidlərin xatirəsi və minlərlə insanın ləyaqəti dayanır.

Bir daha vurğulayıram: Tənqid etmək olar, mübahisə etmək olar, fərqli siyasi mövqe sərgiləmək olar. Lakin heç kimin bütöv bir elin şərəf və ləyaqətini təhqir etmək hüququ yoxdur.

Mənim mövqeyim konkretdir: həmin şəxs səsləndirdiyi ifadələrə görə Borçalı elindən açıq şəkildə üzr istəməlidir. Əgər bunu etmirsə, səsləndirilən ifadələrin hüquqi baxımdan qiymətləndirilməsi üçün müvafiq dövlət qurumlarına kollektiv müraciət edilməsini zəruri hesab edirəm" , - deyə Hacı Anar qeyd edib.

ŞƏRH YAZ
2