Sosial müdafiəyə ehtiyacı olan ailələrin yoxlanılması prosesi davam etdiriləcək.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, sosial cəhətdən müdafiəsiz ailələrin vahid reyestri daim yenilənən sistemdir və ailələrin yoxlanılması bundan sonra da davam edəcək. Məqsəd hər bir şəxsin sosial statusunu və hansı güzəştlərdən yararlanmaq hüququna malik olduğunu dəqiq müəyyənləşdirməkdir.
Sarcveladze bildirib ki, uzun illər ailələrin yoxlanılması prosesi dayandırıldığından, reyestrdə sosial yardım almaq üçün artıq obyektiv əsasları olmayan şəxslər də yer alıb.
Yoxlamaların bərpasından sonra bir sıra uyğunsuzluqlar aşkarlanıb, bəzi ailələrin reytinq balları yenidən müəyyənləşdirilib. Nəticədə, müəyyən ailələrin sosial yardım almaq hüququ olmadığı, bəzi şəxslərin isə reyestrdən çıxarılmalı olduğu üzə çıxıb.
Nazir qeyd edib ki, reytinq balları sosial yardımın kimə və hansı həcmdə veriləcəyini müəyyən edən meyarlar əsasında hesablanır. Bu prosesi Sosial Xidmətlər Agentliyi həyata keçirir.
O vurğulayıb ki, reyestrə yeni ailələr əlavə olunur, bəziləri isə siyahıdan çıxarılır. Yoxlamalar bundan sonra da davam etdiriləcək və əsas məqsəd sosial yardımın həqiqətən ehtiyacı olan şəxslərə çatmasını təmin etməkdir.