Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) şagirdləri Tbilisidə keçirilən AMAkids WORLD CUP 2026 beynəlxalq intellektual olimpiadasında uğurlu nəticələr əldə ediblər.
Bu barədə Aktual.ge xəbər portalına GAİM-dən məlumat verilib.
Bildirilib ki, dünyanın 11 ölkəsindən 300-ə yaxın iştirakçının qatıldığı olimpiadada GAİM-in təmsilçiləri ingilis dili, riyaziyyat və mental arifmetika istiqamətləri üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yarışın nəticələrinə əsasən, GAİM-in şagirdləri müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə layiq görülərək ümumilikdə 21 kubok qazanıblar.
Olimpiadada Gürcüstan, Azərbaycan, Yunanıstan, Ermənistan, Özbəkistan, Nepal, Monako, ABŞ, Fransa, Belçika və Malta təmsil olunub.
Qeyd edək ki, noyabrın 17-də GAİM-də olimpiada da iştirak edən şagirdlərə kubok və sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə şagirdlərlə yanaşı, onların təhsil aldıqları məktəblərin direktorları da iştirak ediblər.
Mərkəzdən verilən məlumatda qeyd olunub ki, beynəlxalq olimpiadada iştirak şagirdlərin analitik düşünmə, məntiqi təhlil, sürətli qərarvermə və özünəinam bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.