Marneuli Mərkəzi Hz. İmam Əli (ə.s) Məscidinin axundu, imamcümə Hacı Hacıyev bu gün, 20 noyabr tarixində keçirilən cümə xütbəsində Marneuli şəhəri və bələdiyyədəki infrastruktur problemlərindən danışıb.
Aktual.ge xəbər verir ki, din xadimi çıxışında Marneuli Meriyasını fəaliyyətsizlikdə ittiham edərək, şəhər və ətraf kəndlərdə infrastrukturun acınacaqlı vəziyyətdə olduğunu bildirib.
İmamcümənin sözlərinə görə, Marneuli şəhərində və ətraf kəndlərdə, xüsusilə Qızılhacılı və Candar kəndlərində infrastrukturun vəziyyəti acınacaqlıdır.
O, yerli sakinləri problemlərin həlli üçün fəal olmağa, məsul şəxslərdən – merdən, Bələdiyyə Məclisi sədrindən və bələdiyyə deputatlarından konkret cavab və tədbirlər tələb etməyə çağırıb.
"Bizim Marneuli meriyası, Marneuli şəhərində heç bir iş görmür.
Nəinki Marneuli bələdiyyəsinin, Marneulinin özündə, xüsusən ətraf kəndlərə baxdığımız zaman görürük ki, ətraf kəndlər çox bərbad gündədir. Xüsusən Qızılhacılı ilə Candar kəndi. Yəni bunu mən artıq burdan dəfələrlə demişəm və bu gün də demək səlahiyyətim var. Çünki heç bir iş görülmür. İllərdir insanların başını qatırlar. Fərqi yoxdur orda istər mer olsun, istər 'sakrebulo' olsun, istər orda olan bələdiyyə deputatları olsun. Yəni Marneuli şəhəri üçün bu günə qədər heç bir ciddi iş görülmür.
Marneulinin yolları, bütün küçələri bərbad vəziyyətdədir. Nə insan yağış yağanda hərəkət edə bilir, nə yay aylarında. Yəni bunlar göz qabağındadır, hamısı göz qabağındadır.
Marneuli rayonu ən gəlirli rayondur, amma baxdıqda görürük ki, ən geridə qalmış rayondur. Nə səbəbə görə büdcəsi yoxdur? Yetərincə büdcəsi var.
Nə vaxta qədər bu insanların şəxsiyyəti ilə oynayacaqsınız? Nə vaxta qədər seçkilərdə gəlib bu insanları aldadacaqsınız? Nə qədər boş-boş vədlər verəcəksiniz bu xalqa? Artıq xalq bezib.
İfadəmə görə üzr istəyirəm, 10 ilə kanalizasiya sistemi quraşdırılar? 8 ilə kanalizasiya sistemi olar?! Bir il olar, iki il olar, üç il olar. Və xoşagəlməyən yollar nə vaxta qədər davam edəcək? Bu millətdən nə istəyirsiniz? Allahdan qorxunuz olsun. Qiyamət günü Allaha nə cavab verəcəksiniz? Bu tutduğunuz postlardan sui-istifadə edirsiniz və gəlirsiniz xalqa deyirsiniz seçki qabağı sizə bu cür, o cür kömək eləyəcəyik, amma baxırsan ki, heç bir dəyişiklik yoxdur. İllərdir, artıq on illərdir.
Və bir məsələ də ki, amma bunun təkcə burdan deyilməsi yetərli deyil qardaşlar. Bizim vəzifəmiz burdan deməkdir, sizi və xalqınkidə gedib tələb eləməkdir. 10 nəfər, 15 nəfər getsin görüş tələb etsin. Məntəqənin deputatları ilə, bələdiyyənin sədri ilə, mer ilə, kimlər ki, məsul şəxslərdirlər onlarla.
Və ciddi tələb etsinlər ki, biz nə vaxta qədər bu şəkildə yaşamalıyıq? Ya bu millətin günahı nədir - Müsəlman olmağıdır, azərbaycanlı olmağıdır, nədir bu millətin günahı?
Bəzi kəndlərə, rayonlara baxdığımız zaman görürük ki, bütün hər şey yerindədir. Asfaltları yerində, idman mərkəzləri yerində, hər şeyləri yerində. Niyə bircə Marneuli bu vəziyyətdə olmalıdır? Bunun səbəbi nədir?
İnşallah bu məsələlər dəfələrlə deyilib və bu gün də özümüzə vəzifə bildik ki, bunu bəyan edək.
Allahın evinin yolu [Marneuli Mərkəzi İmam Əli (ə) Məscidi) neçə ildir bu vəziyyətdədir? Niyə bizim haqqımız bərpa olunmamalıdır? Səbəb? Vəssalamu aleykum və rəhmətullah" , - deyə Hacı Hacıyev qeyd edib.