“Gürcüstan üçün” partiyasının nümayəndəsi İrakli Ksovrel Konstitusiya Məhkəməsində bildirib ki, müdafiəçi demokratiya prinsipinə əsasən, dövlət bəzi məsələlərdə seçicilərin qərar verməsini məhdudlaşdıra və prosesə müdaxilə edə bilər. Onun sözlərinə görə, bu yanaşma seçkiləri gözləməyin fundamental prinsiplərin pozulmasına gətirib çıxara biləcəyi hallarla əsaslandırılır.
Aktual.ge xəbər verir ki, İrakli Ksovrel bu barədə Konstitusiya Məhkəməsində partiyaların qadağan olunması ilə bağlı keçirilən dinləmə zamanı danışıb.
Onun sözlərinə görə, siyasi partiyanın qadağan edilməsi məsələsinin müzakirəsinə başlamaq üçün iki əsasdan biri mütləq mövcud olmalıdır: ya partiya seçkilərdə qalib gələcəyi təqdirdə öz ideologiyasına uyğun olaraq ölkəni dağıdacaq, ya da seçkilərdə iştirak etmək əvəzinə hakimiyyəti zorakı yolla ələ keçirməyə çalışacaq.
“Partiyanın qadağan edilməsi ilə bağlı müzakirəyə başlamaq üçün mütləq iki əsasdan biri mövcud olmalıdır. Birinci halda, partiya hakimiyyəti devirmək və ya hakimiyyətə gəlmək üçün zorakılıq metodlarından istifadə etməlidir. İkinci halda isə onun partiya ideologiyası – istər nizamnaməsindən, istərsə də fəaliyyətindən irəli gəlsin – özlüyündə demokratik dövlətə uyğun olmayan xarakter daşımalıdır.
Məsələn, konstitusiya quruluşunun devrilməsi dediyimiz hal, yaxud ‘Refah’ işi. Həmin işdə sekulyarlıq Konstitusiyanın birbaşa tələbi idi, ideologiya isə Konstitusiyanın fundamental məsələlərinə birbaşa zidd idi. Partiyanın qadağan edilməsi barədə ümumiyyətlə müzakirəyə başlamaq və onun qadağan edilə biləcəyini qiymətləndirmək üçün bu iki əsasdan biri mütləq mövcud olmalıdır. Bu müəyyən edildikdən sonra konkret halda hansı məqsədin güdüldüyü araşdırılmalı və tədbir proporsional olmalıdır”, – Ksovrel bildirib.
O qeyd edib ki, partiyanın qadağan edilməsi nəticəsində dövlətin və cəmiyyətin əldə edəcəyi fayda həmin partiyanın qadağan olunmasının demokratiyaya və siyasi plüralizmə vuracağı zərərdən daha üstün olmalıdır.
“Ümumiyyətlə, müdafiəçi demokratiya adlandırdığımız prinsip ondan ibarətdir ki, dövlət bəzi məsələlərdə seçicinin qərar verə bilməyəcəyini, yəni müəyyən hallarda seçkilərin cavab ola bilməyəcəyini və müdaxilə etməli olduğunu bildirir. Buna görə də dövlət göstərməlidir ki, bu prosesi seçkilərin nəticəsinə buraxmaq, onu öz axarına salmaq — yəni seçkiləri gözləmək — müəyyən fundamental prinsiplərin pozulmasına və nəyinsə zədələnməsinə səbəb olacaq.
Belə olduqda dövlət deyir ki, gəlin bunu seçkilərlə deyil, mən həll edim, yəni Konstitusiya Məhkəməsi qərar versin və ya başqa bir qurum müəyyən partiyanın hakimiyyətdə olub-olmamasını müəyyənləşdirsin”, – İrakli Ksovrel bildirib.