Azərbaycanda səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı Giorgi Matiaşvili Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
Aktual.ge xəbər verir ki, noyabrın 17-də general-polkovnik Kərim Vəliyev Bakida rəsmi səfərdə olan general-leytenant Giorgi Matiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdən əvvəl Gürcüstan nümayəndə heyəti Zəfər abidəsini ziyarət edib, abidənin önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad edib.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən rəsmi qarşılanma mərasimindən sonra tərəflər əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüşüblər.
Kərim Vəliyev dövlət başçılarının dostluq münasibətlərinin və Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın müdafiə sahəsində əməkdaşlığa mühüm töhfə verdiyini bildirib.
Giorgi Matiaşvili isə səfərindən məmnunluğunu ifadə edərək bu cür görüşlərin iki ölkə arasında hərbi əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsini, ikitərəfli və çoxtərəfli formatlarda təlim və məşqlərin keçirilməsini, ekspertlər səviyyəsində qarşılıqlı səfərlərin təşkilini müzakirə ediblər. Görüşdə regionda və dünyada baş verən hərbi-siyasi proseslər ətrafında da fikir mübadiləsi aparılıb.
"Bundan başqa, Gürcüstan nümayəndə heyətinə Vətən müharibəsi, sonrakı hərbi əməliyyatlar və lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun əldə etdiyi döyüş təcrübəsi barədə brifinq təqdim olunub. Qonaqlar həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar barədə məlumatlandırılıblar" , - Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.