Tbilisidə Yeni il işıqlarının quraşdırılması ilə əlaqədar Ketevan Dedopali prospektində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Aktual.ge xəbər verir ki, bu barədə Tbilisi Meriyası məlumat yayıb.
Məlumatda bildirilir ki, noyabrın 16-da saat 00:00-dan 06:00-dək “Tbilservice Group” MMC İsanı rayonunda, Ketevan Dedopali prospektində Yeni il konstruksiyalarının quraşdırılması işlərini həyata keçirəcək.
“Göstərilən işlərin aparılması məqsədilə qeyd olunan müddət ərzində Ketevan Dedopali prospektinin avtomobil yolu tamamilə bağlanacaq.
Nəqliyyat vasitələri İrbaxi, Tsurtsumia, Zurabaşvili və Kaçinski küçələri vasitəsilə hərəkət edə biləcəklər. Kaçinski küçəsindən avtomobillərin hərəkəti həm Boçorma küçəsi, həm də Ketevan Dedopali prospekti istiqamətində (sola dönməklə) mümkün olacaq.
Bundan əlavə, sürücülər Telavi küçəsindən Boçorma küçəsi istiqamətində, eləcə də İalbuzi küçəsindən Kür çayının sol sahili istiqamətində hərəkət edə biləcəklər.
Təhlükəsizlik tədbirləri çərçivəsində ərazi müvafiq yol xəbərdarlıq nişanları ilə təmin olunacaq.
Yaranmış narahatlığa görə Tbilisi Meriyası və 'Tbilservice Group' MMC sakinlərdən üzr istəyir!”, – deyə məlumatda qeyd olunub.