Marneulidə 2027-ci ilin gəlişi ilə əlaqədar Yeni il yolkasının işıqlandırılması tədbirinin təşkili üçün 94 450 lari dəyərində tender elan edilib.
Aktual.ge xəbər verir ki, tender sənədlərinə əsasən, tədbir çərçivəsində səhnə, işıq və səs sistemləri, LED ekran quraşdırılacaq, lazer şousu və atəşfəşanlıq təşkil ediləcək.
Proqramda musiqi kollektivlərinin, DJ-in, xorun və Azərbaycan-gürcü dillərində aparıcıların iştirakı nəzərdə tutulur. Uşaqlar üçün tamaşa, illüzionist və akrobat çıxışları, Şaxta baba, Santa Klaus və digər qəhrəmanların iştirakı ilə əyləncələr təşkil olunacaq. Tədbirdə ümumilikdə 14 animator iştirak edəcək.
Həmçinin bayram guşələri, fotozonalar, yerli sahibkarların məhsullarının sərgi-satışı təşkil ediləcək. Qonaqlara isti içkilər və şirniyyat təqdim olunacaq, uşaqlara isə 500 hədiyyə paketi paylanacaq.
Tenderin qalibi tədbir məkanını bayram günü saat 11:00-dək hazır vəziyyətə gətirməlidir. Şirkətlər noyabrın 22-dən 24-dək tenderdə iştirak üçün müraciət edə bilərlər.