Əbu-Dabidə baş vermiş insidentlə bağlı iş Baş nazirin şəxsi nəzarətinə götürülüb.
Aktual.ge xəbər verir ki, bu barədə 21 yaşlı güləşçi Saba Lazişvilinin atası Anzor Lazişvili məlumat verib.
Bildirib ki, oğlunun və onunla birlikdə olan UFC döyüşçüsü Merab Dvalişvilinin bu gün azadlığa buraxılacağını gözləyir.
"Hökumətin yüksək vəzifəli şəxsləri mənimlə əlaqə saxladılar. Bilirəm ki, bu gün baş nazir gələcək və prosesə qoşulacaq. İş şəxsən baş nazirin nəzarətində olacaq. Ümid edirəm ki, bu gün azadlığa çıxacaqlar. Bildiyimə görə, müvafiq qurumlara tapşırıqlar verilib və ümid edirəm ki, hər şey qaydasında olacaq. Onlar bu gün azadlığa buraxılmalıdırlar. Sabah Əbu-Dabidə güləş yarışı keçiriləcək və oğlum yarışda iştirak etməlidir. Məni sakitləşdirən odur ki, hökumət məsələyə müdaxilə edib. Əminəm ki, hər şey yaxşı olacaq“, – deyə Anzor Lazişvili qeyd edib.
Xatırladaq ki, noyabrın 11-də Əbu-Dabidə UFC döyüşçüsü Merab Dvalişvili və güləşçi Saba Lazişvili fiziki qarşıdurmanın iştirakçılarına çevriliblər. Hadisə otelin foyesində, Dağıstanlı döyüşçü Usman Nurməhəmmədovun bir neçə nəfərlə birlikdə Merab Dvalişviliyə hücum etdiyi zaman baş verib. Oteldə baş verən davada Saba Lazişvili də iştirak edib.
Hadisə ilə bağlı hüquqi prosedurlara başlanılıb. Polis qarşıdurmanın bütün iştirakçılarını polis idarəsinə aparıb.