“Avropa İttifaqının xarici işlər naziri funksiyasını yerinə yetirən Kaya Kallas ölkələrə kiminlə dostluq etməli, kiminlə etməməli, kiminlə danışmalı, kiminlə danışmamalı olduqlarına dair göstərişlər verməyə özündə haqq görür, bu, sovet yanaşmasıdır”.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.
Spiker qeyd edib ki, Kallasın ofisindən Avropa ölkələrinin paytaxtlarına Gürcüstanla əlaqələri kəsmək barədə birbaşa göstərişlər göndərilib:
“Kaya Kallas faktiki olaraq Avropa İttifaqının xarici işlər naziridir. Məhz onun ofisindən paytaxtlara Gürcüstanla əlaqələri kəsmək barədə birbaşa göstərişlər verilir. Bu, bir daha Sovet Moskvasının yanaşmasını xatırladır. Estoniya Sovet Sosialist Respublikasında, sovet nomenklaturasına mənsub ailədə doğulub böyüyən xanım Kallas sözdə Sovet İttifaqını rədd etsə də, həmin sistemdən götürdüyü əsas xüsusiyyət sovet düşüncə tərzidir. O, ölkələrə, parlamentlərə və xalq tərəfindən seçilmiş orqanlara kiminlə dostluq etməli, kiminlə danışmalı olduqlarını diktə etməyə özündə haqq görür.
Avropa İttifaqının səfiri Qerçinski isə bundan sonra bizim onları Sovet İttifaqı ilə müqayisə etməyimizdən narazılığını bildirir. Sovet İttifaqı kimi davranmasınlar, heç kim onları heç nə ilə müqayisə etməyəcək. Bu cür paralellər Sovet İttifaqını həqiqətən yaşamış insanlarda yaranır. Müstəqil dövlətlərə belə göstərişlər verməyə özündə haqq görən Brüssel bürokratiyasının bu cür davranması utancvericidir”.
O əlavə edib ki, öz suverenliyinə hörmət edən Aİ üzvü ölkələr Kallasın və ofisinin qərarlarına müdaxilə etməsinə imkan vermirlər.
Şalva Papuaşvili söyləyib ki, Brüssel Gürcüstana iqtisadi, siyasi və sosial baxımdan hərtərəfli zərər vurmağa çalışır:
“Brüsselin Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını dayandırdığını başa düşdük, inteqrasiya prosesinə mümkün qədər zərər vurmaq və onu boykot etmək istədiklərini də anladıq. Bəs niyə ikitərəfli münasibətlərə də zərər vururlar? Bu, hətta Sovet Moskvasının davranışından da pisdir. Çünki ölkəmizin digər dövlətlərlə ikitərəfli əlaqələrini pozmaq üçün bu səviyyədə zərərli addımlar atmağa çalışırlar”.