İtaliyanın Napoli şəhərində gürcüstanlı qadın baxıcı saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
Il Riformista nəşrinin məlumatına görə, 53 yaşlı Gürcüstan vətəndaşı olan qadın iyun ayında Neapolda bir ailədə 70 yaşdan yuxarı ər-arvadın baxıcısı kimi işə başlayıb. Lakin bir neçə gün sonra qəfil yoxa çıxıb.
İstintaqın məlumatına əsasən, şübhəli qadın ailənin evindən 50 min avro nağd pul və 100 min avro dəyərində qızıl zinət əşyaları oğurlayıb.
Məlumata görə, oğurluqdan əvvəl qadın şorba hazırlayıb və ər-arvadı yatızdırmaq üçün onun tərkibinə xüsusi narkotik maddə qatıb.
Nəşrin yazdığına görə, istintaq bir neçə ay davam edib və polis şübhəlinin yerini yalnız ötən həftə müəyyən edə bilib.
Saxlanılarkən qadının üzərindən həmin narkotik maddənin olduğu flakon tapılıb. Ekspertiza həmin maddəni zərərçəkmişlərin içdiyi şorbada da aşkar edib. Bundan əlavə, saxlanılan qadının üzərində başqa şəxsin adına rəsmiləşdirilmiş saxta şəxsiyyət vəsiqəsi olub.
Məhkəmə saxlanılan qadının barəsində həbs qətimkan tədbiri seçib.